Torrens şəhərinin meri: “Azərbaycan regionda ABŞ üçün önəmli müttəfiqdir”


Siyasət 20 Okt 2017 10:45:03 301 0

Torrens şəhərinin meri: “Azərbaycan regionda ABŞ üçün önəmli müttəfiqdir”

Los-Anceles Vilayətinin Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan geniş tədbir keçirilib

ABŞ-ın Los-Anceles Vilayətinin Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan geniş tədbir keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft Azərbaycanın müstəqillik tarixi, keçdiyi uğurlu yol və əldə etdiyi nailiyyətlər haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra Torrens şəhərinin meri Patrik Fyuri çıxış edərək, meri olduğu şəhərin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, ABŞ və Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ABŞ üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb.

Daha sonra Torrens Şəhər Şurası tərəfindən 18 oktyabrın bu şəhərdə Azərbaycanın Müstəqillik Günü elan edilməsi haqqında bəyannamə, şəhər meri Patrik Fyuri və Şəhər Şurasının digər üzvləri tərəfindən oxunaraq təqdim olunub.

Təqdimatdan sonra Azərbaycan və ABŞ bayraqları Torrens Şəhər Meriyası qarşısına gətirilərək, təntənəli şəkildə ucaldılıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev öz çıxışında xalqımızın müstəqillik uğrunda şərəfli mübarizəsi haqqında ətraflı danışaraq, dövlət üçün ağır bir dönəmdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin möhkəmləndirilməsi yönündə məqsədyönlü addımların atıldığını və nəticədə çağdaş dövlətçiliyimizin təməlinin qoyulduğunu diqqətə çatdırıb.

N.Ağayev, həmçinin Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, xarici siyasəti, iqtisadi inkişafı və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra Los-Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan yepiskop Xuan Karlos Mendez və Los-Ancelesin müsəlman icmasının tanınmış xadimi Məhəmməd Xan çıxış edərək, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışıblar. Onlar ölkədə müxtəlif dini və etnik mənsubiyyətə malik olan insanların sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, Azərbaycanın unikal tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini bildiriblər.