Lənkəranskinin qatillərinə müharibə elan edən


Digərləri 19 Okt 2017 22:37:00 288 0

Lənkəranskinin qatillərinə müharibə elan edən

O, azadlığa çıxmaq üçün məhkəməyə 3,6 milyon avro ödəyib

Niderland məhkəməsi, oktyabrın 18-də çeçen kriminal avtoritet, oğru dünyasında "Şeyx Həmzət" adı ilə məşhur olan Həmzət Qastəmirov və onun əlaltılarını, girov və yüksək vergi ödəyicisi olan 3 biznesmenin zəmanəti müqabilində azadlığa buraxıb.

Son.az sputnik.az-a istinadən bildirir ki, bu barədə kriminal dairələrə yaxın mənbə məlumat verib. Qastəmirov öz azadlığına görə, məhkəməyə 3,6 milyon avro ödəməli olub.

Hollandiya hökuməti çeçen əsilli kriminal avtoriteti saxta pasportdan istifadə etməkdə və qanunsuz odlu silah gəzdirməkdə ittiham edib. Amsterdamın hüquq-mühafizə orqanlarının əməkdaşları, Schiphol hava limanı yaxınlığında əməliyyat həyata keçirərək, kriminal avtoriteti və onun adamlarını saxlayıblar.

Ötən gün Amsterdamda "Ümumavropa oğru kassasının nəzarətçisi" adlandırılan "qanuni oğru" Qastəmirovun məhkəməsi baş tutub.

Şeyx Həmzət diqqət mərkəzinə 22 avqustda, 2016-cı il avqustun 17-dən 18-nə keçə gecə İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qəbrini ziyarət etmək və onun il mərasiminə qatılmaq üçün gəldiyi Azərbaycandan uçarkən düşüb. Əvvəlcə onun harada olduğu barədə informasiya olmayıb.

Lakin bir müddət keçəndən sonra o, eləcə də aralarında 8 cangüdəni və yaxınlarının da olduğu 13 nəfər Amsterdamın Sxiphol (Schiphol) hava limanı yaxınlığında saxlanılıb. Ehtimal var ki, Qastəmirov və adamlarının Amsterdam ərazisində olduğunu bilən Rövşən Lənkəranskinin düşmənləri onları Niderlandın xüsusi xidmət orqanlarına satıblar.