Qiyamət günü əzalarımız şəhadət verəcəklər


Digərləri 19 Okt 2017 22:10:00 286 0

Qiyamət günü əzalarımız şəhadət verəcəklər

Xəlvət sözünün mənası odur ki, səni heç kəs görməsin və heç kəs eşitməsin. Yəni, heç kəs sənin gördüyün işdən xəbərdar olmasın. Məgər aləmdə belə bir yer vardırmı?

Son.az deyerler.org-a istinadən bildirir ki, bu sualın cavabında deməliyik ki, yoxdur. Çünki harada oluruqsa-olaq, hər şey bizi görür. Ayağımızın altında olan torpaq bizi görür, başımızın üstündə olan səma bizi görür, hava, fəza bizi görür, Allahın mələkləri bizi görür. Bütün bunlardan uca isə Allah bizi görür. Quran buyurur: "Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır. Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır). Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər". ("İnfitar" 10-12). Başqa yerdə buyurulur: "Bu, Bizim siz(in əməlləriniz)ə qarşı haqq və doğru danışan kitabımızdır. Çünki Biz sizin etdiklərinizin üzünü köçürürdük (və ya Lövhi-Məhfuzdan köçürür və sizin əməllərinizlə tutuşdururduq)". ("Casiyə" 29). "Allah etdiklərinizi görəndir". ("Ənfal" 72). "Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq". ("Qaf" 16). Allah bizdən zahirdə deyildir, O, bizim qəlbimizdə və canımızdadır. Bizim qəlbimizin dərinliklərindədir. Əmirəl-möminin (ə) bu haqda buyurur: "Allah hər bir gizli şeydən agahdır və hər kəsin batinindədir. Sinələrin gizli sirlərindən xəbərdardır və xəyanətkar gözləri yaxşı görür". Qiyamət günü bizim əməllərimizə şəhadət verənlərin sayı çox olacaqdır. O cümlədən bədən üzvlərimiz, bizə hakim olan mələklər, Quran, yer, göy, hava, torpaq... İndi mənim ixtiyarımda olan əlim həmin günü məndən icazəsiz iş görəcəkdir və axirətdə mənə qarşı, mənim əleyhimə və ya lehimə şəhadət verəcəkdir. Qiyamət günü ağızlarımız bağlansa da, bütün bədən üzvlərimiz Allahın izni ilə şəhadət verəcəkdir. "Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər". ("Yasin" 65). Beləliklə deyə bilərik ki, insan hər nə qədər günahlarını gizlətmək istəsə də və xata işlətmək üçün hər nə qədər xəlvət yer axtarsa, onu tapa bilməyəcəkdir. Çünki Allah hər yerdədir və Ondan gizlin yer yoxdur.