Salyanda yol terrorunun 7 yaşlı qurbanı: Ayxanın qatili harada gizlənir... FOTO


Digərləri 19 Okt 2017 22:17:00 359 0

Salyanda yol terrorunun 7 yaşlı qurbanı: Ayxanın qatili harada gizlənir...  FOTO

Xəbər verdiyimiz kimi ötən gün Salyanda dövlət nömrə nişanı məlum olmayan VAZ 2107 markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən 7 yaşlı uşağı vurub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Ayxan adlı azyaşlı aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölüb, onun qatili isə avtomobillə sürətlə hadisə yerindən uzaqlaşıb. Bu hadisə Azərbaycan yollarında qeyri-peşəkar, yaxud azğın sürücülər üzündən hər gün ölümlə nəticələnən  qətliam kimi qəzaların baş verdiyi bir vaxtda heç kimin diqqətini xüsusi cəlb etməyə bilərdi. Amma nə vaxta qədər? Günahsız insanlar, azyaşlılar nə vaxta qədər bu yol terrorunun qurbanı olacaqlar?

Salyanda baş vermiş bu faciənin dramatik, tükürpədici  tərəfi həm də bundadır ki, avtomobillə vurulan azyaşlının anası Aytəkin Təxirəsalınmaz Tibbi Yardımın Salyan Regional Mərkəzinin tibb bacısıdır. O, həmin gün iki azyaşlı uşağını evdə nənəsinin yanında qoyub növbəyə gedibmiş. Və uşaqlar Bakıdan qonaq getmiş qohumları ilə yaxınlıqdakı ərzaq mağazsına gediblər, bu vaxt sürətlə hərəkət edən avtomobil uşaqlardan birini vurub. Sürücü qaçıb, yaxınlıqdakılar uşağı təcili yardıma çatdırıblar və artıq keçinmiş Ayxanın cansız bədənini baş verənlərdən xəbərsiz olan anası qarşılayıb...

Bu gün Ayxanın yas məclisində iştirak etmək üçün Salyanın  "Plastik" massivində, həyətlərində  qurulmuş yas çadırına baş çəkdik..Görüşdüyümüz hər kəs şokda idi, axı Ayxan dünən bu saatlarda həyətlərində velioseped sürürdü...Bu gün isə o yoxdur, VAZ 2107-nin sükanı arxasında olan, kimliyi hələlik bilinməyən həmin qatilin ucbatından torpağın altındadır. Məhz qatil, çünki hadisənin baş verməsinə dair təfərrüatlar da sübut edir ki, bu, ehtiyatsızlıqdan baş vermiş adi qəza, ölüm deyil. Həmin küçədə çoxsaylı mağazaların olduğu, piyadaların sağa-sola keçdiyi ərazidə avtomobilin yüksək sürətlə idarə edilməsi məhz bilərəkdən ölümə səbəb olma kimi qiymətləndirilməlidir.

Ayxanın atası Sabir Əhmədovun  31 yaşı var, işsizdir. Deyir hadisə baş verən gün həyat yoldaşım tibb bacısı  işlədiyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində iş növbəsində olduğundan Ayxan və 4-cü sinif şagirdi olan qardaşı İlkin qonşuluqda yaşayan nənəsinin yanında idilər. 

"Bir-iki saatdan sonra həyat yoldaşım işdən çıxaraq uşaqları götürüb evə dönməli idi...Amma hadisədən bir qədər əvvəl bacımın nişanlısı Cavid Abdullayev bizə gəlib. O, uşaqlarla görüşüb, onlarla birlikdə yaxınlıqdakı mağazaya gedib ki, nəsə alsınlar. Və..."-qəhərdən boğulan ata sözlərinə davam edə blmir.

Uşağın vurulmasının şahidi olan 20 yaşlı Cavid isə deyir ki, gələn ayın 23-də nişanlısı ilə toyu olacaqdı. Və Cavidlə yaxınları cehizləri aparmaq üçün Salyana gəliblərmiş..Bu zaman Cavid qərara alır ki, yaxınlıqda yerləşən "Ay İşığı" mağazasından evə bir-iki ərzaq alsın. Amma Ayxan və İlkin təkid edirlər ki, onları da özü ilə mağazaya aparsın.


Xəbərə aid fotolar