Kral Salman Moskvada: qlobal miqyaslı qüvvələr nisbətində ciddi dəyişiklik?


Dünya 19 Okt 2017 18:42:00 338 0

Kral Salman Moskvada: qlobal miqyaslı qüvvələr nisbətində ciddi dəyişiklik?

Son 90 ildə ilk dəfədir ki, Səudiyyə Ərəbistanının başçısı Rusiyaya səfər edib. Bu vaxta qədər iki ölkə arasındakı münasibətlər bütövlükdə "soyuq" kimi qiymətləndirilirdi.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, hətta 2007-ci ildə Vladimir Putin bu ölkədə olarkən Kralı Rusiyaya dəvət etmişdi. Buna müsbət cavab verilməmişdi. Ekspertlər əsas səbəb kimi Ər-Riyadın başlıca olaraq Vaşinqtonun yanında olmasını göstərirdilər. İndi isə vəziyyət xeyli dəyişib. Moskva Yaxın Şərqin böyük dövlətləri ilə münasibətlərinə yeni məzmun verir. Bu baxımdan Kral Salmanın Rusiyaya səfəri mütəxəssislərin də böyük marağına səbəb olub. İki ölkə hansı sahələrdə əməkdaşlıq barədə razılığa gəliblər? Bu, ümumiyyətlə, qlobal geosiyasi proseslərə təsir edə bilərmi? Bu suallara cavab tapmaq əhəmiyyətli olardı.

90 il sonra: Ər-Riyad Moskvaya münasibətini dəyişir

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun Moskvaya səfəri kiçik bir problemlə başlasa da, danışıqlarda hansısa çətinlik olmayıb. Təyyarədən enərkən qızıl pilləkən qəfil sönüb və yaşlı Kral özü aşağı enməli olub. Lakin Rusiya dövlət başçısının isti qarşılaması Kral Salmana hər şeyi unutdurub. İki ölkə tarixində ilk dəfədir ki, bu qədər geniş əməkdaşlıq sənədləri imzalanır. Ümumiyyətlə, Prezident V.Putinin görüşdə dediyi kimi, Səudiyyə Ərəbistanının rəhbəri Moskvaya son 90 ildə ilk dəfədir ki, gəlir. Ekspertlərə görə, indiyə qədər Ər-Riyadın Rusiyaya önəm verməməsinin başlıca səbəbi ABŞ-la səudların münasibətlərinin isti olması olmuşdur (bax: Saudi king's visit to Russia heralds shift in global power structures / "The Guardian", 5 oktyabr 2017).

Burada məntiq vardır. Ancaq əsas məsələ Rusiyanın son zamanlar Yaxın Şərqdə çox fəal olması ilə bağlıdır. Suriyada vəziyyətə faktiki olaraq Moskva nəzarət edir. Əsəd hakimiyyətinin bütün planları Kremllə əlaqəlidir. Bundan başqa, Moskva sübut etməkdədir ki, Suriyada Amerikanı sıxışdıra bilər. Bunun fonunda da ümumən Yaxın Şərqdə Rusiyanın geosiyasi nüfuzu yüksəlməkdədir.

Kral Salmanı Moskvaya gətirən digər səbəb neft amili ilə bağlıdır. Məhz Rusiya ilə imzalanan saziş əsasında neftin istehsalını məhdudlaşdırmaq və onun qiymətini qaldırmaq mümkün oldu ki, bu da Ər-Riyad üçün 100 milyardlar deməkdir.

Digər məsələ kimi Rusiyanın Yaxın Şərqdəki bir sıra böyük dövlətlərlə əlaqələrini genişləndirməsini göstərmək olar. Xüsusilə İran və Türkiyə ilə Moskva kifayət qədər fəal əməkdaşlıq edir. Bunun fonunda Ər-Riyad bir qədər kölgədə qalırdı. Ələlxüsus Qətər ziddiyyətinin işığında Kral Salman yalnız görünürdü. Yəməndə şiələrin fəallığı başqa yöndən Səudiyyəni çətin vəziyyətə salmaqdadır. Onun ənənəvi müttəfiqi ABŞ isə Qətər məsələsində Ər-Riyada dəstək vermədi. Əvəzində, Donald Tramp Səudiyyə Ərəbistanına səfər edərək 110 milyard ABŞ dolları həcmində saziş imzaladı.

Nəhayət, Yaxın Şərqdə geosiyasi aspektdə son dərəcə düşündürücü proseslər başlayıb. Onların sırasında Fələstin probleminin həllində ənənəvi qeyri-müəyyənlik qalmaqdadır. Başqa faktor Şimali İraqda keçirilən referendumla əlaqəlidir. Məlumdur ki, İraq kürdlərinin müstəqillik referendumunu İsraillə yanaşı Ər-Riyad da dəstəklədi. Bildirilir ki, Səudiyyə Ərəbistanı İran və Fələstin məsələsinə görə bu addımı atdı. Bir sıra ekspertlər eyni zamanda Kral Salmanın Ankaranın Dohanı aktiv dəstəkləməsinə cavabından bəhs edirlər.

Təbii ki, Yaxın Şərqdə geosiyasi vəziyyətin mürəkkəbliyi və qeyri-müəyyənliyi böyük iddiaları olan Ər-Riyadı hərəkətə gətirməli idi. Vurğulanan məqamlar Səudiyyə Kralının Moskvaya səfər etməsi üçün kifayət qədər əsasların olduğunu göstərir. Ancaq bir incə məqam da ekspertlərin gözündən yayınmır. Kral Salman Moskvada V.Putinlə apardığı danışıqlarda İran məsələsi üzərində ayrıca dayanıb.

Səudiyyə Ərəbistanının dövlət başçısı deyib ki, İran region üçün təhlükədir və onu Suriyaya buraxmaq olmaz. İran savaş bitəndən sonra Suriyadan tərəfdarlarını çıxarmalıdır. Bunu isə ancaq Moskva edə bilər. Ancaq bunlar o demək deyil ki, Səudiyyə Ərəbistanı Bəşər Əsədə qarşı deyil. Qarşıdır, lakin əvvəlki kimi onun istefasını tələb etmir. Deməli, faktiki olaraq Kral belə bir təklif verir ki, Rusiyanın İran faktorunu Suriyada zəiflətməsinin əvəzi olaraq Ər-Riyad Moskva ilə milyardlarla ABŞ dolları həcmində müqavilələr imzalaya bilər. Burada tərəflərin üç sferaya daha çox önəm verdiyi hiss edilir.

14 saziş: regional və qlobal geosiyasətin fonunda