Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı - MƏHKƏMƏ


Sosial 19 Okt 2017 17:31:10 374 0

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı - MƏHKƏMƏ

Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub

Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıtda orta məktəb şagirdinin ölməsində təqsirləndirilən Qəfər Hacıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin bəraət hökmü ləğv edilib və Q.Hacıyevin barəsində ittihamedici hökm çıxarılıb. Belə ki, o, Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirli bilinərək, Q.Hacıyev 1 il müddətinə rəhbər vəzifə tutma hüququndan məhrum edilib. Həmçinin o, 500 manat məbləğində cərimə cəzasına məhkum olunub.

İttiham aktına əsasən, Sumqayıt şəhər 17 saylı orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Q.Hacıyev 13 may 2013-cü il tarixdə, saat 09.00-da dərsə gecikmiş, məktəbin 11b sinif şagirdi Azad İlyasovun və digər 15-20 nəfər şagirdə dərsə gecikmə hallarının qarşısını almaq fikrinə düşüb.

O, şagirdlərə cəza tədbiri tətbiq etmək qərarına gəlib. Bu məqsədlə Q.Hacıyev çoxsaylı şagird qrupuna məktəbin stadionunda qaçmaq barədə qanunsuz göstəriş verib. Həmin göstərişin yerinə yetirilməsi üçün stadionda bir neçə dövrə vurduqdan sonra fiziki gərginliyin nəticəsində təngnəfəs olan A.İlyasov yerə yıxılıb. Ona ilkin tibbi yardım göstərilsə də, A.İlyasov ürək çatışmazlığından ölüb.

Q.Hacıyev qanunsuz hərəkətləri ilə A.İlyasovun ölümünə səbəb olub. A.İlyasov 19 oktyabr 2011-ci il tarixdən Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında hipotrofik-kardiomiopatiya diaqnozu ilə qeydiyyatda olub.

Q.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə onun A.İlyasovun ölümündə günahkar olması sübuta yetirilməyib və buna görə də barəsində bəraət hökmü çıxarılıb.

Hökmdən bir müddət sonra Baş Prokurorluq apelyasiya protesti versə də, Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Prokurorluq məhkəmənin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmədə işə baxan hakimlər prokurorluğun protestini təmin edib və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.