Rusiya Bankı: İqtisadiyyatın bərpa mərhələsi başa çatıb


İqtisadiyyat 19 Okt 2017 17:35:19 315 0

Rusiya Bankı: İqtisadiyyatın bərpa mərhələsi başa çatıb

Rusiya iqtisadiyyatının 2%-dən çox artması üçün struktur islahatlar keçirilməlidir

Rusiya iqtisadiyyatı bu ilin III və IV rübündə rüblük müqayisədə 0,3-0,4% artım göstərəcək. "Report" "RBC" agentliyinə istinadən xəbər verir ki, belə bir proqnozu Rusiya Bankının (Mərkəzi Bank) ekspertləri verib. Başqa sözlə, II yarımillikdə ÜDM-in artım tempi ilk 6 ayla müqayisədə 2 dəfə azalacaq ki, bu da öz növbəsində iqtisadiyyatın bərpa mərhələsinin başa çatdığını göstərir.

İlin ikinci yarısında iqtisadi inkişafın yavaşlamasına səbəb istehlak xərclərindəki aşağı templi artım olacaq. Qeyd edək ki, ilk rübdə son istehlak xərclərindəki 4,2% artımdan sonra II rübdə 0,2% geriləmə baş verib. Mərkəzi Bankdan verilən açıqlamaya əsasən, ilin ilk yarısında ÜDM artımı "bir dəfəlik amillərə" əsaslanıb. Yəni, maliyyə böhranı qorxusundan azad olan istehlakçılar ilin ilk yarısında, xüsusilə də ilk rübdə fəal olublar. Lakin ilin II yarısında bu amilin aradan qalxacağı proqnozlaşdırılır. 

Rusiya Bankı öz hesabatında qeyd edib ki, 2017-ci ildə ÜDM 1,7-2,2% artım göstərəcək. İqtisadiyaytın 2%-dən çox artması üçün isə Rusiya Bankı struktur islahatların keçirilməsi şərtini irəli sürüb.