Bakı metrosu 55 min artıq sərnişin daşıyıb - "Qarabağ"ın oyununa görə


Digərləri 19 Okt 2017 13:17:00 309 0

Bakı metrosu 55 min artıq sərnişin daşıyıb - "Qarabağ"ın oyununa görə

"Qarabağ" - "Atletiko" qarşılaşması ilə əlaqədar olaraq, Bakı Metropoliteninin stansiyaları əvvəlki günlərə nisbətən 55 min nəfər artıq sərnişin daşıyıb.

Bakı. Samir Əli - Oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ" - "Atletiko" qarşılaşması ilə əlaqədar olaraq, Bakı Metropoliteninin stansiyaları əvvəlki günlərə nisbətən 55 min nəfər artıq sərnişin daşıyıb. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, sərnişin çoxluğu əsasən "Koroğlu" stansiyasında qeydə alınıb: "Əsasən saat 17:00-dan sonra bu qədər artıq sərnişin daşınıb. Bu da oyunla bağlı idi. Daşınmada ciddi problem olmadı, çünki metropoliten əməkdaşları gücləndirilmiş iş rejimində çalışırdı. Əsasən saat 18 radələrində stansiyalarda sıxlıqlar yarandı ki, bu, həm də pik saatlarla bağlı idi. Yəni eyni vaxtda həm işdən çıxanlar, həm də "Qarabağ" - "Atletiko" oyununa gedənlər olduğu üçün sıxlıq yaratdı. Buna baxmayaraq ciddi narahatlıq olmadı". N.Paşayev bildirib ki, oyun başa çatdıqdan sonra da "Koroğlu" stansiyasında qismən sıxlıq yaranıb: "Bunun isə iki səbəbi var idi: əksər sərnişinlərin gediş haqqı kartlarının olmaması, onların turniketlərin qarşısında dayanaraq kartla metroya daxil olan sərnişinləri gözləməsi. Digər tərəfdən, stansiyaya daxil olan əksər sərnişinlərin kartları olsa da, balansı bitmişdi. Həmin sərnişinlərin kartı yükləmək üçün növbələr yaratması da sərnişinlərin hərəkətinə mane oldu. Bütün hallarda stansiya əməkdaşları maksimum sıxlığın qarşısını almağa çalışdılar və ümumilikdə daşınma normal həyata keçirildi. Ona görə də sərnişinlərdən xahiş edirik ki, bu cür tədbirlərə getmək üçün metropolitendən istifadə edərkən əvvəlcədən hazırlıqlı gəlsinlər ki, stansiyalarda problem yaranmasın". Xatırladaq ki, sentyabrın 27-də Bakıda keçirilmiş "Qarabağ" - "Roma" oyunundan sonra Bakı metrosuna 1 saata 25 mindən artıq sərnişin daxil olmuş və bu da "Koroğlu" stansiyasında sıxlıq yaratmışdı.