Azərbaycanlı müşahidəçilər Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərini izləyəcəklər


Dünya 19 Okt 2017 13:06:00 370 0

Azərbaycanlı müşahidəçilər Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərini izləyəcəklər

Dimitri Cavaxadze: "Artıq 150-yə yaxın yerli azərbaycanlının namizədliyi həm proporsional, həm də majoritar sistemdə qeydiyyata alınıb"

“Gürcüstanda oktyabrın 21-də keçiriləcək bələdiyyə seçkilərini azərbaycanlı müşahidəçilər də izləyəcəklər. Onlardan ikisi artıq Gürcütandadır və seçkilərə hazırlığın vəziyyətini öyrənirlər”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Dimitri Cavaxadze deyib.

Onun sözlərinə görə, seçkiləri ümumilikdə 20 minə yaxın yerli və 600-dən çox beynəlxalq müşahidəçi izləyəcək: “Gürcüstan demokratik dövlətdir və bu seçkiləri də azad, şəffaf və ədalətli keçirməkdə israrlıdır. Seçkilərə hazırlıqla bağlı bütün prosedur qaydaları yerinə yetirilib. Artıq bütün dairə və məntəqə seçki komissiyaları qanunamüvafiq qaydada işləyirlər. Oktyabrın 21-də bütün vətəndaşlarımız öz namizədlərinə səs verə biləcəklər”.

D.Cavaxadze bildirib ki, Gürcüstanın inkişafında xüsusi yeri və rolu olan azərbaycanlılar parlament seçkilərində olduğu kimi, bələdiyyə seçkilərində də mübarizə aparırlar: "Artıq 150-yə yaxın yerli azərbaycanlının namizədliyi həm proporsional, həm də majoritar sistemdə qeydiyyata alınıb".

Qeyd edək ki, bu gün Gürcüstanda 73 dairə seçki komissiyası, 3636 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Seçki məntəqələrindən 208-i azərbaycanlıların yığcam yaşadıqları ərazilərdə yaradılıb.