İtaliya Senatında "Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol" adlı konfrans keçirilib


Siyasət 19 Okt 2017 12:11:39 309 0

İtaliya Senatında "Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol" adlı konfrans keçirilib

Konfrans iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində münasibətlərə dair panellərlə davam etdirilib

İtaliya Senatının "Palazzo Giustiniani" sarayında "Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol" adlı konfrans keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təbbir Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya parlamentində Azərbaycanın Dostları Parlamentlərarası Assosiasiyasının birgə təşkil olunub.

Azərabycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə il ərizndə təşkil olunan silsilə tədbirlərdən biri olan və Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf edən bu konfransda İtaliya parlamentinin, hökumətinin üzvləri, elmi-akademik dairələrin, ölkədə akkreditə olunan diplomatik korpusun, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə İtaliya Senatının vitse-prezidenti Linda Lançilotta açaraq iki ölkə arasında təşəkkül tapan strateji tərəfdaşlıqdan məmnunluğunu bildirib, əlaqələrin siyasi, iqtisadi və mədəniyyət sahəsində inkişafı dinamikası, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları, habelə parlamentlərarası təmasların Azərbaycan-İtaliya münasibətlərinə verdiyi töhfələrdən danışıb.

İtaliya Parlamentində Azərbaycanın Dostları Parlamentlərarası Assosiasiyasının sədri senator Sercio Divina iki ölkə arasında münasibətlərin hazırkı yüksək səviyyəsinə nail olunmasında parlamentlərarası əməkdaşlığın, xüsusilə də rəhbərlik etdiyi assosiasiyanın verdiyi töhfələrdən söz açıb, eləcə də Azərbaycanın geostrateji önəmi, xüsusilə də İtaliya üçün əhəmiyyəti, ölkəmizdə müxtəlif sahələrdə əldə olunan uğurlardan bəhs edib.

Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri millət vəkili Azər Kərimli çıxış edərək Azərbaycan-İtaliya münasibətlərinin tarixindən, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqdan, qarşılıqlı səfərlərdən, Heydər Əliyev Fondunun əlaqələrin inkişafına verdiyi töhfələrdən, parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən, habelə ölkəmizin müstəqlillik dövründə əldə etdiyi nailiyyətlər, eləcə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışıb.

Tədbirə Bakıdan video-konfransla qoşulan İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari tədbir iştirakçılarını salamlayaraq iki ölkə arasında strateji tərəfdaşlığın önəmini vurğulayıb, Azərbaycanın İtaliya üçün əhəmiyyəti, əlaqələrin daha da dərinləşdirilməsi üçün mövcud imkanlardan bəhs edib.

Bundan sonra konfrans iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində münasibətlərə dair panellərlə davam etdirilib.

İtaliya Senatının Avropa İttifaqı Siyasəti daimi Komissiyasının sədri Vanino Kiti də öz çıxışında Azərbaycan-Avropa Birliyi əlaqələri və bu əlaqələrin genişlənməsinə İtaliyanın verə biləcəyi töhfələrə toxunub, ötən il rəhbərlik etdiyi komissiyanın üzvləri ilə birgə Azərbaycana etdiyi səfər və səfər vaxtı keçirdiyi görüşlər, ölkəmizlə bağlı müsbət təəssüratları barədə danışıb.

Ardınca çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinlikləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli prosesi, ölkəmizin beynəlxalq münasibətlərdə artan nüfuzu, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda yürütdüyü müstəqil xarici siyasəti, siyasi, iqtisadi, sosial və digər sahələrdə ölkəmizin əldə etdiyi uğurları barədə danışıb. O, Azərbaycanın radikalizm, ekstremizm, terrorizm və qanunsuz miqrasiyaya qarşı mübarizənin ön xəttində yerləşdiyini və regionun sabitlik və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək Avropa İttifaqı və İtaliya ilə əməkdaşlığın inkişaf perspektivlərinə toxunub. Avropa İttifaqı ilə Strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə danışıqların intensiv şəkildə davam etdirildiyini diqqətə çatdırıb.

İqtisadi sahədə əlaqələrlə bağlı paneldə ilk olaraq çıxış edən SOCAR şirkətinin vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov əsas etibarilə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi, bu layihənin İtaliya üçün əhəmiyyəti, habelə Azərbaycanın neft-qaz, neft-kimya sahələrində İtaliya şirkətlərinin fəaliyyəti mövzularına toxunub.

Ardınca çıxış edən SNAM şirkətinin baş icraçı direktoru Marko Alvera TAP layihəsinin realizasiyası çərçivəsində görülən işlər, bu layihənin İtaliya və Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfələr, SNAM ilə SOCAR arasında strateji tərəfdaşlıq mövzularına toxunub.

Mədəniyyət sahəsində əlaqələrlə bağlı paneldə çıxış edən İtaliyanın Mədəniyyət Nazirinin müavini Antimo Çezaro Azərbaycan-İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu xüsusda Heydər Əliyev Fondunun verdiyi töhfələr, Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün bu il Azərbaycana səfəri və səfərlə bağlı xoş təəssüratları barədə danışıb.

Tədbirdə son olaraq danışan İtaliya Senatının Maliyyə və Xəzinə daimi Komissiyasının sədri, Azərbaycanın Dostları Parlamentlərarası Assosiasiyasının sədr-müavini Mauro Marino konfransın yekunları ilə bağlı fikirlərini bölüşərək, iki ölkə arasında əməkdaşlıqda əldə edilmiş nailiyyətərin davamlılığının təmin edilməsi üçün müxtəlif sahələrdə mövcud böyük potensialdan faydalanmağın vacibliyini, o cümlədən İtaliya üçün prioritet əhəmiyyət kəsb edən TAP layihəsinin realizasiyasının önəmini qeyd edib.