Bakıda alternativ enerjinin inkişafı mövzusunda beynəlxalq konfrans başlayıb


İqtisadiyyat 19 Okt 2017 10:39:32 313 0

Bakıda alternativ enerjinin inkişafı mövzusunda beynəlxalq konfrans başlayıb

İlkin müzakirələrdə alternativ energetika sahəsində qanunvericilik bazasına baxılıb

Bu gün Bakıda "Azərbaycanda alternativ və bərpa olunan enerjinin inkişafı üçün yeni imkanlar" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

"Report" xəbər verir ki, iki gün davam edəcək konfransı giriş sözü ilə Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov açıb.

Qurum rəsmisi Azərbaycanın alternativ və bərpa olunan enerji sahələrində gördüyü işlərdən və gələcəkdə planlaşdırılan məsələlərdən danışıb.

Daha sonra Agentliyin əməkdaşları və beynəlxalq institutların rəsmilərinin iştirak etdiyi işçi qrupunun hazırladığı tövsiyə sənədi müzakirəyə çıxarılıb. Ümumilikdə 8 maddədən ibarət olan tövsiyə sənədinin iki əsas istiqamətdə müzakirəsinə başlanılıb. İlkin müzakirələrdə alternativ energetika sahəsində qanunvericilik, xüsusən də bərpa olunan enerji mənbələri ilə bağlı yeni qanunun hazırlanması üçün təşəbbüslərə baxılıb.

Günün ikinci yarısında aparılacaq müzakirələr zamanı isə ikinci istiqamət - bərpa olunan enerji sahələrinə investisiya yolları araşdırılacaq.

Tədbirdə çıxış edən "Revelle Group"un rəsmisi Emili Kouluvaris (Emely Koulouvaris) deyib ki, bu sahədə əsas müzakirə edilməli məsələ tariflərlə bağlıdır: "Biz düşünməliyik ki, əgər bərpa olunan enerji sahələri inkişaf etsə biz nə qədər qazı, yaxud nə qədər elektrik enerjisi ixrac edəcəyik. Tarif məsələsinə gəldikdə isə, burada ayrı-ayrı bərpa olunan enerji sahələri üçün tariflər müəyyən edilməlidir".