Yeni Huawei smartfonları təqdim olunub VİDEO


Digərləri 19 Okt 2017 08:21:00 243 0

Yeni Huawei smartfonları təqdim olunub  VİDEO

"Huawei" şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl "Mate 10" və "Mate 10 Pro" smartfonlarını nümayiş etdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, gözlənildiyi kimi, çərçivəsiz dizayna malik smartfonlar 12 meqapikselli rəngli moduldan və 20 meqapikselli monoxrom sensordan ibarət qoşa əsas "Leica" kamerası ilə təchiz edilib.      Məlumata görə, qurğular arasında əsas fərq onların ekran ölçülərindədir. Belə ki, kiçik model - "Mate 10" 5,99 düym diaqonallı "Quad HD" ekran (2560x1440 piksel), "Mate 10 Pro" isə 2160x1080 piksel təsvir ölçülü 6 düym diaqonallı displey ilə təchiz olunub.

Yeni qurğular xüsusi neyromodulla təchiz edilən səkkiznüvəli "Huawei Kirin 970" prosessoru əsasında işləyir. Süni intellektdən istifadə batareyanın enerji sərfiyyatını optimallaşdırmağa və vaxt ötdükcə məhsuldarlığın zəifləməsini aradan qaldırmağa imkan verir.

Şirkət nümayəndələri qeyd edir ki, məhz sistemin işinin tədricən zəifləməsi bütün "Android" sistemli qurğuların başlıca problemidir. Onların sözlərinə görə, "Samsung Galaxy S8" smartfonunda əlavələrin işə salınma sürəti bir neçə ay istifadədən sonra təxminən 200 faiz azaldığı halda yeni qabaqcıl "Huawei" modellərində bu göstərici 10 faiz təşkil edir.

Təqdimat zamanı "Mate 10" smartfonunun 4 giqabaytlıq operativ yaddaş və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunması bəyan edilib. Bundan əlavə, "Mate 10 Pro" modeli 6 giqabaytlıq operativ yaddaşa və 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacaq. Akkumulyator tutumu 4 min milliamper/saat təşkil edəcək yeni qurğular "Huawei SuperCharge" sürətli enerjidoldurma funksiyasını dəstəkləyəcək.