Azərbaycanda ilanların pulla tutulması təklif edilir


Digərləri 19 Okt 2017 08:06:00 316 0

Azərbaycanda ilanların pulla tutulması təklif edilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ödənişli əsaslarla ilanların zərərsizləşdirilməsini təklif edir.

Son.az Trend-ə istinadən bildirir ki, institutun direktoru Elman Yusifovun dediyinə görə, yeni təsdiqlənmiş "Elm haqqında" qanunla artıq AMEA-nın müəssisələrinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilib.

Hazırda bu işin kortəbii şəkildə həyata keçirildiyini deyən E.Yusifov son zamanlar İnstituta ilanların zərərsizləşdirilməsi ilə bağlı edilən müraciətlərin sayının artdığını da söyləyib.

E.Yusifov qeyd edib ki, əslində, qanuni baxımdan belə müraciətlərin bu quruma ünvanlanması doğru deyil: "Çünki hazırda ətraf mühitə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) nəzarət etdiyindən bu məsələləri həmin qurumla razılaşdırmaq lazımdır. Yalnız ETSN-in razılıq məktubu əsasında İnstitutun mütəxəssisləri ərazidən ilanları götürə bilərlər".

Azərbaycanda ilan tutma sahəsində mütəxəssislərin sayının çox az olduğunu və bu işin həm də çox riskli olduğunu deyən E.Yusifov hazırda İnstitutun maddi-texniki imkanlarının bu işi görməyə imkan vermədiyini söyləyib.