ETSN 15 gün ərzində ekoloji qanunvericiliyi pozanlara qarşı 111 akt və protokol tərtib edib


Sosial 18 Okt 2017 21:20:00 340 0

ETSN 15 gün ərzində ekoloji qanunvericiliyi pozanlara qarşı 111 akt və protokol tərtib edib

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 24, məhkəmələrə isə 1 iş göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları oktyabr 1-15-də ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 111 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 35 iş üzrə 23307 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 4440,6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 137 iş üzrə 23198,18 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 24, məhkəmələrə isə 1 iş göndərilib.