"Bakı Modern Təhsil Kompleksi" törəməsinin ləğv olunmasına aydınlıq gətirib


Digərləri 18 Okt 2017 21:12:00 420 0

"Bakı Modern Təhsil Kompleksi" törəməsinin ləğv olunmasına aydınlıq gətirib

"Bakı Modern Məktəbi" MMC həqiqətən də ləğv olunub, lakin bu, sıradan bir hüquqi prosedurdur".

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında "Bakı Modern Təhsil Kompleksi"nin baş direktoru Mina Əliyeva bildirib.   "Məktəbin adı dəyişdirilərək "Bakı Modern Təhsil Kompleksi" olub. Beləliklə, "Bakı Modern Məktəbi" MMC-nin ləğv olunması sıradan bir hüquqi prosedurdur. Məktəb "Bakı Modern Təhsil Kompleksi" adı altında fəaliyyətini davam etdirir. "Bakı Modern Təhsil Kompleksi" iki məktəbdən - "Bakı Modern Məktəbi", "Bakı Beynəlxalq Modern Məktəbi" və bir körpələr evi - uşaq bağçasından ibarətdir. Bəzi kütləvi informasiya vasitələri adi hüquqi proseduru təhsil kompleksinin bağlanması kimi təqdim edib. Bu isə həqiqəti əks etdirmir", - deyə baş direktor vurğulayıb.   M. Əliyeva əlavə edib ki, Vergilər Nazirliyinin dövri mətbuatında dərc olunan elan istənilən hüquqi şəxsin ləğv olunmasında aparılan prosedurun bir mərhələsidir. "İctimayyətin bu barədə narahatçılığına heç bir səbəb yoxdur", - deyə o qeyd edib.   Xatırladaq ki, "Vergilər" qəzetinin xüsusi buraxılışında "Bakı Modern Məktəbi" MMC-nin ləğv olunması barədə elan yer alıb. Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, N. Nərimanov, Əliyar Əliyev 218 ünvanına bildirə bilərlər.