Naxçıvanda hərbi parad keçirilib


Siyasət 18 Okt 2017 20:05:56 269 0

Naxçıvanda hərbi parad keçirilib

Muxtar Respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub

Oktyabrın 18-də - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri əsgərləri salamlayıb.

Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Müstəqilliyi Gününün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü ilə qeyd olduğunu bildirib, əlamətdar bayramlar münasibəti ilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, bütün muxtar respublika əhalisini təbrik edərək deyib: Müdriklər dövlətlərin qüdrətini onun ordusunun qüdrəti ilə ölçürdülər. İtalyan filosofu və mütəfəkkiri Nikolo Makiavelli özünün məşhur “Hökmdar” əsərində göstərirdi ki, “bütün dövlətlərdə hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”.

Ali Məclisin Sədri deyib: Ümummilli Liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə dövlət və ordu quruculuğu məsələlərini diqqətdə saxlamış, ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Ölkəmizdə dövlət müstəqilliyi elan olunandan sonra bu müstəqilliyin qorunmasına da 1991-ci ilin sentyabrında Naxçıvanda ilk milli ordu qurumunun yaradılması ilə başlanılmışdır. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Ümummilli Liderimiz muxtar respublikanın sərhədlərinin möhkəmləndirilməsi və müdafiəsinin təşkili haqqında qərarlar qəbul etmiş, bununla da milli hərbi hissələrə və könüllü dəstələrə vahid rəhbərlik təmin olunmuşdur. 1992-ci il sentyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumu - 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmişdir. 25 il bundan əvvəl - 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilən ilk hərbi paradda ümummilli lider Heydər Əliyev deyirdi: “Biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaratmışdır”.

Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz ordu quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirib, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ümummilli Liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da artıb, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial-məişət şəraiti yaxşılaşdırılıb. Hazırda müasir texnikalarla təchiz edilmiş Azərbaycan ordusu yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. Ali Baş Komandan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə də xüsusi diqqət yetirir. Ölkə Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın etibarlı müdafiəsi ilə bağlı görülən tədbirlərin davamıdır.

Ali Məclisin Sədri deyib: Bu gün Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Son 25 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmiş, müxtəlif hərbi təyinatlı 214 obyekt istifadəyə verilmişdir. Əlamətdar yubiley günündə yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi də ordu quruculuğu sahəsində görülən işlərin davamıdır.

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsində, buradakı ordu hissələrinin formalaşmasında Türkiyə Respublikasının təmənnasız köməkliyinə görə qardaş Türkiyə dövlətinə, xalqına və Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirib.

Daha sonra Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə deyib: Bu gün sizin qarşınızda mühüm vəzifələr dayanır. Bilirik ki, daim şərəfli əsgər və zabit adını doğrultmağa çalışır, Vətənə, ümummilli lider Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirsiniz. Naxçıvan Muxtar Respublikasının fəal strateji mövqedə yerləşməsi sizin üzərinizə düşən məsuliyyəti daha da artırır. Bu gün Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi, torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. İnsanlar muxtar respublika ərazisindəki ordu birləşmə və hissələrinə güvənərək rahat yaşayır, təsərrüfatlarını genişləndirir, muxtar respublikanın inkişafına öz töhfələrini verirlər.

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusunun qarşısında duran vəzifələrin bundan sonra da peşəkarlıqla icra ediləcəyinə əminliklə bir daha Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını və şəxsi heyəti təbrik edib, çıxışını Ali Baş Komandan cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib - ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, ərazi bütövlüyümüzü bərpa edək”.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar respublikada hərbi xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb. Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası möhkəmləndirilib, ordu ən müasir silahlarla təchiz olunub, Əlahiddə Aviasiya hərbi hissəsi yaradılıb. Muxtar respublikadakı bütün hərbi hissələr, xüsusilə də müdafiə zolağında yerləşən döyüş mövqeləri əsaslı şəkildə yenidən qurulub, xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib ki, ümummilli liderin Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu tədbirləri bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Mu