3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə şahid: "Müstəntiq ifadəmi saxtalaşdırıb"


Digərləri 18 Okt 2017 17:23:00 212 0

3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə şahid: "Müstəntiq ifadəmi saxtalaşdırıb"

Bu gün Sumqayıt şəhər məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Bakı. Samir Əli - Bu gün Sumqayıt şəhər məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə növbəti şahid, "Real" Tibb Mərkəzinin uşaq həkimi Aytən Əkbərova ifadə verib. Şahid ifadəsində bildirib ki, onun ibtidai istintaqa verdiyi ifadəsi müstəntiq tərəfindən saxtalaşdırılıb: "Həmin gün saat 21 radələrində palataların qarşısından keçərkən gördüm ki, palatada uşağın vəziyyəti pisləşib, həkimlər xəstəyə reanimasiya tədbirləri görür. Uşağın anası isə sakitcə kənarda dayanmışdı, heç nə demirdi". Hakim bildirib ki, şahidin ibtidai istintaqa ifadəsi fərqlidir. İfadədə göstərilib ki, guya həmin vaxt Aytən Əkbərova uşağın anasının səsinə palataya gəlib və uşağın anası qışqıra-qışqıra "uşağımı öldürdülər" deyib. Şahid A.Əkbərova bildirib ki, o ibtidai istintaqa elə ifadə verməyib və onun ifadəsi saxtalaşdırılıb: "Mən elə ifadə verməmişəm. Mən verdiyim ifadəni indi də təkrarlayıram. Müstəntiq məni iki dəfə ayrı-ayrı vaxtlarda çağırıb, iki dəfə imza atdırıb. Mən də müstəntiqə inandığım üçün ikinci dəfə ifadəmi oxumamışam". Şahid prosesə müstəntiqin çağırılması və onunla üzləşdirilməsi barədə vəsatət qaldırıb. Məhkəmədə ifadə verən digər şahid, tibb mərkəzinin əməliyyat tibb bacısı Bənövşə Yadigarova isə ifadəsində deyib ki. əməliyyat normal keçib və uşaq əməliyyatdan sonra narkozdan ayılıb: "Əməliyyatda iştirak edəndən sonra mən əməliyyat blokunu tərk etdim. Təxminən yarım saatdan sonra uşaq oyaq vəziyyətdə əməliyyatdan çıxarıldı və palataya köçürüldü". Tibb bacısı qeyd edib ki, iyul ayının 8-də müstəntiq tibb mərkəzinə daxil olaraq anestezioloq jurnalını götürüb: "Müstəntiq jurnalı götürəndə mən etiraz etdim. O isə məni hədələyərək bildirdi ki, istədiyi vaxt tibb mərkəzindən istədiyi əşyanı maddi sübut kimi götürə bilər. Mən də müstəntiqin hədələrindən qorxdum daha heç nə demədim". Şahid ifadəsindən sonra məlum olub ki, müstəntiq jurnalı iyulun 8-də götürsə də, jurnalı iyulun 5-də götürməsi barədə saxta akt tərtib edib. İş üzrə növbəti proses oktyabrın 25-nə təyin edilib. İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib. Xatırladaq ki, İ.Qəmbərovun barəsində həbs qətimkan tədbiri seçilməyib.