Bu il Azərbaycanda bir tondan artıq narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısı alınıb


Sosial 18 Okt 2017 12:07:47 285 0

Bu il Azərbaycanda bir tondan artıq narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Narkotiklərlə mübarizə sahəsində 2373 fakt aşkar edilib

Bu ilin 9 ayı ərzində Azərbaycanda narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2373 fakt aşkar edilib. 

Bu barədə “Report”a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda qeyd olunub ki, onlardan 678-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1455-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 196-ı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 44-ü isə digərləri təşkil edib. 

Bu müddət ərzində cinayət məsuliyyətinə 1955 nəfər cəlb edilib ki, onlardan 4-ü 18 yaşadək, 154-ü 18-25 yaşadək, 281-i 26-29 yaşadək, 1516-ı 30 yaşdan yuxarı, o cümlədən 21-i fəhlə, 7-i qulluqçu, vəzifəli və ya maddi məsul şəxs, 1- i nəqilyyat işçisi, 1726-ı işləməyənlər, 764-ü təkrar cinayət törətmiş şəxslər, 1926-ı kişilər, 29-u qadınlar, 36 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 112 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.

Aşkar edilən faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 25 kq 434,074 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 12 min 670 ədəd çətənə kolları, 8 kq 915,4 qr güclü təsir edən maddə, 58 kq 162,7 qr zəhərli maddə müsadirə olunmuşdur.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 599 kq 305 qr marixuana (58,4%), 173 kq 714,044 qr tiryək (16,9%), 180 kq 262,668 qr heroin (17,5%), 5 kq 564,2 qr həşiş (0,6%), 1545 ədəd həb, o cümlədən 4 kq 302 psixotrop maddələr (0,1%), 66 kq 677,752 qr digərləri (6,5%) təşkil edib.