Yaradılış hekayələrinin ortaq cəhətləri


Digərləri 17 Okt 2017 22:50:00 340 0

Yaradılış hekayələrinin ortaq cəhətləri

Yaşadıqları coğrafi ərazilərin müxtəlifliyindən asılı olaraq insanlar demək olar ki, eyni yaradılış hekayələri yaratmışlar. Bu, onların içində olduqları ətraf mühitə qarşı ilk təəssüratları və müşahidələrinin meyvələri idi. İnsanlar doğuş görürdülər, doğuş yeni həyatın başlanması, dirilik əlaməti idi, hər mifdə doğuş hekayəsi var; onlar ölümü də görürdülər, heçliyin rəmzi ölümə hər yaradılış hekayəsində rast gəlmək olur, lakin bu ikisinin arasında  gündəlik həyat vərdişlərini, onları ayaqda saxlayan yaşama uğrunda cəhdləri, məyusluqları, sevincləri, itirmək qorxusu və ya istədiyini əldə etmə müvəffəqiyyəti də insanları vəcdə  gətirmiş,  miflər, yaradılış hekayələri  yaratmağa sövq etdirmişdir. İstər  alət, istər sığınacaq, istərsə də mif yaratmaq üçün insanın atdığı ilk uğurlu addım müşahidədən başladı, müşahidə qabiliyyəti ona ətraf mühiti, təbiəti, özünü və başqalarını öyrənməyə imkan verdi, onda müxtəlif hisslər oyatdı, yeni qabiliyyətlər  yaratdı.

Son.az yasilelm.com-a istinadən bildirir ki, məşhur mifoloq, din tarıxçısı, etnoqraf və yazıçı Miça Eliade və həmkarı Çarlz Lonq müxtəlif mədəniyyətlərdə mövcud olan yaradılış hekayələrinin başlıca elementlərini topladılar:  iri Ananta Şeşa ilanı üzərində  arvadı Lakşmi ilə yaşayan Vişnunun göbəyindən qalxan nilufərdən yaranmış  Hind yaradılış tanrısı Brahma;  fikirdən yaranan söz, xəyal və ya ilahinin bədən parçalanmasından sonra yaranan "ex nihilo" ( keçmiş boşluq) yaradılışı; Yaradan tərəfindən Yer üzünə göndərilmiş  quş və və ya suda-quruda yaşayan heyvanın  ilkin nəhəng suların dibindən gətirdiyi palçıq və ya qumdan yaranan dünya; ilkin varlığın bədən üzvlərinin parçalanmasından yaranma; ilkin tamlıq rəmzi kosmik yumurtanın çartlamasından və ya xaosdan yaranan nizamlı yaradılış kimi yaradılış hekayələri.

Yuxarıda bəhs edilən  yaradılış miflərinin  əksər mədəniyyətlərdə  qarşımıza çıxan, oxşar  və  təkrarlanan  əlamətlərindən bəziləri  bunlardır:

Doğuş - yaradılış hekayələrinin təməl elementidir, bəzi miflərdə həyat öz başlanğıcını yumurtadan, bəzilərində isə Ananın  tanrıları və digər nəsnələri doğması ilə götürür. Fin, Çin, Yapon, Yunan  yaradılış miflərində buna nümunələr  tapmaq olar. Fin folkloruna məxsus "Kalevala" epik dastanında hava tanrıçası İlmatarın dizlərində yumurtalayan ördəyin yumurtasının qırıqlarından dünya yaranır. Çin mifologiyasındakı Panqu çoxlarına tanışdır, başlanğıcda formasız xaos vardı, sonra bu xaos bir yumurtaya çevrilir və onun içində Panqu yaranır. Yumurtadan çıxan Panqu onun yuxarı hissəsini səma, aşağı hissəsini yerə çevirir; Panqu öləndə isə bədəninin müxtəlif hissələri  Yer üzünün müxtəlif elementlərini yaradır. Ata-ana amili və bacı-qardaş evliliyi- Demək olar ki, əksər miflərdə  torpağı adətən ana, səmanı isə ata rolunda görürürk. Əkinçilik mədəniyyətində  insanlar bar verən torpağı doğan qadına oxşadırdılar, buna görə də bir çox dillərdə Ana Torpaq ifadəsinə rast gəlirik. Yunan mifologiyasında  torpaq tanrısı Heya (və ya Geya)  və  səma tanrısı Urandan danışılır. Heya əbədi, sonsuz qaranlıq Xaosdan yarandı, üstündə yaşayan hər şeyə həyat verdi, o  bütün həyatın ilk anası idi. Heya həm də  səmanı- Uranı- doğdu və onlar bərabər şəkildə uzandılar, sonra Uran Heya ilə evləndi, Heya Urandan qüdrətli titanları doğdu.

Yapon yaradılış mifində də ata-ana amili öz yerini tutur,  İzanami və İzanagi tanrıları haqda mif maraqlıdır. Burada da yer və göy sonsuz xaosdan ayrılır, qardaş İzanagi bacısı İzanami ilə göylərdə üzən körpünün üzərində dayanıb nizələri ilə aşağıdakı suyu qarışdıraraq tədricən qurunu yaratdılar, sonra isə evlənmək qərarına gəldilər. İlk uşaqları Hiruko sümüksüz, əlsiz-ayaqsız vəziyyətdə doğulur, valideynləri tərəfindən qayıqda həyatın axarına atılır. ( Sonralar dəniz heyvanları, balıq, balinaların tanrısı Ebisu kimi qarşımıza çıxacaq). İlk addımın uğursuz olması qadın tanrı İzanaminin günahı hesab olunur və ona ilk danışmamaq  qadağası qoyulur. Cütlük birlikdə bir çox adalar və ilahələr yaradırlar. Odu  doğarkən  İzanami ölümcül yaralanır və ölür, qaranlıqlar diyarı Yomiyə düşür. Kədərdən üzülmüş İzanagi  İzanaminin  ardınca  Yomiyə yollanır, lakin qadın qaranlıqlar diyarının meyvəsindən yediyi üçün artıq geri dönə bilməzdi. İzanaminin üzünü görmək üçün işıq yandıran İzanagi onun  çürüdüyünü və qurdlar içində örtüldüyünü gördükdə çox qorxur, İzanami bundan acıqlanır və onu izləyir. Qaçaraq Yominin çıxışına çatan İzanaqi qaranlıqlar diyarının qapısına daş qoyur və nigah bağlarını birdəfəlik qapayır. Ölü ilə əlaqədə olduğu üçün özünü təmizləmək məqsədilə yuyunur, bu zaman sol gözündən günəş  Amaterasu,  sağ gözündən ay Tsukiyomi,  burnundan tufan Susanoo yaranır.

Yapon yaradılış hekayəsi bəzi səhnələrilə digər xalqlarınkına bənzəyir. Bacı- qardaş evliliyi, ölən həyat yoldaşının qaranlıq diyara düşməsi və oraya aid meyvə yeməsini  müxtəlif xalqlarda görmək mümkündür. Nümunə üçün öncə Mao xalqına məxsus yaradılış hekayəsinin məzmunu ilə tanış olaq:  ( əvvəli ötürülmüşdür ) ...Qoca  tezliklə daşqın olacağı ilə bağlı xəbərdarlıq edirdi.  O, qardaşlardan birinə taxtadan, digərinə isə misdən təbil düzəltməyi, içinə bitki toxumları, ev heyvanları yerləşdirmələrini söylədi və qeyb oldu. Leysan tökürdü, su göylərə qalxmışdı.  Taxta təbildə gizlənən kiçik qardaş və bacısı daşqından xilas ola bildi, onlar suyun üstünə qalxdılar. Əlli gündən sonra  yerə endilər, hər yer palçıq idi. Yer üzündə adam qalmamışdı, insanların sayı artsın deyə tanrıların məsləhətilə evlənməyə razı olan qardaş və bacının nigahı baş verir. Qadın bir yumurta doğur, yumurtanın içindən ət çıxır, onlar əti parçalayırlar, hər  tikə bir insana çevrilir və onlar da bir-birilə evlənib Yer  üzündə insan sayını yenidən artırırlar. Yapon yaradılış hekayəsindəki İzanaminin qaranlıq diyara getməsi və oranın meyvəsindən yediyi üçün geri dönə bilməməsi  isə eynilə  Yunanların Demetra və qızı Persefonanın mifini xatırladır.  Demetra torpağın bərəkətliliyini və məhsulu qoruyan Taxıl Anasıdır. Yeraltı aləmin hökmdarı Aid  ( Hades ) Persefonanı oğurlayıb qaçırdıqdan sonra Demetra Olimp Dağını tərk edir və kədər içində dünyanı dolaşır. Qəzəb içindəki Demetra  insanları aclıqla hədələyir, qızı  qayıtmayınca məhsul vermir.  Zevs həyəcan içində ilahi elçi Hermesi Persefonanı xilas etmək üçün göndərir, lakin bədbəxtlikdən artıq gec idi, Persefona yeraltı dünyada keçirdiyi vaxt ərzində nar dənələri  yemişdi və ilin dörd ayını əri Aidlə keçirməyə məcbur idi.

Əmr, günah və nəticəsi - Təxminən bütün yaradılış miflərinin ən ortaq xüsusiyyətidir.  Yaradan bir göstəriş verir, yaradılan onu pozur , günah qazanır və günahının cəzasını çəkməyə məcbur olur. Yunan mifologiyasında  Epimeteyə hədiyyə kimi  bəxş edilən  Pandoraya  Zevs tərəfindən bir qutu verilir və açmamasını tapşırır. Marağına üstün gələ bilməyən Pandora qutunu açır və içindəki pisliklər, bəla və  fəlakətlər  Yer üzünə dağılır. Afrika Buşmenlərinə odu tapmaq  qadağan olunmuşdu, lakin onlar bu qadağanı pozurlar və heyvanlarla dostluqları birdəfəlik məhv olur.