Kukla Teatrı Türkiyədə IV Şəhər Teatrları Görüşü Festivalında təmsil olunacaq


Digərləri 17 Okt 2017 20:27:00 180 0

Kukla Teatrı Türkiyədə IV Şəhər Teatrları Görüşü Festivalında təmsil olunacaq

Festivalda Türkiyə, Azərbaycan, Gürcüstan və Kiprin 18 teatrı müxtəlif janrlarda tamaşa ilə çıxış edəcəklər

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı beynəlxalq festivalda iştirak edəcək. 

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi heyət oktyabrın 18-19-da Türkiyənin Adana şəhərində baş tutacaq IV Şəhər Teatrları Görüşü Festivalında Azərbaycanı təmsil edəcək.

Adana Şəhər Teatrları İdarəsi tərəfindən təşkil olunan festivalın keçirilməsində məqsəd müxtəlif ölkələrdən teatrları bir araya gətirməklə onların qarşılıqlı mübadiləsinə nail olmaqdır.

Kukla Teatrı bu festivalda repertuarın uğurlu tamaşalarından olan və artıq bir neçə beynəlxalq festivaldan birinciliklə qayıdan “Zəng” mono-tamaşası ilə çıxış edəcək.

Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

Qeyd edək ki, 16 oktyabr - 1 noyabr tarixlərini əhatə edən festivalda Türkiyə, Azərbaycan, Gürcüstan və Kiprin 18 teatrı müxtəlif janrlarda 18 tamaşa ilə çıxış edəcəklər. Ənənəvi festival iki ildən bir baş tutur və şəhərin müxtəlif teatr və sənət mərkəzlərində teatrsevərləri bir araya gətirərək onlara fərqli teatr meyillərini təqdim edir.