Bakıda "Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər" mövzusunda konfrans keçirilib


İqtisadiyyat 17 Okt 2017 15:16:43 299 0

Bakıda "Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər" mövzusunda konfrans keçirilib

Tədbir SOCAR istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümü münasibəti ilə təşkil olunub

Bu gün Bakıda "Bakı Fond Birjası" QSC (BFB) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - “SOCAR Capital” MMC-nin təşkilatçılığı ilə “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın fond bazarının təmsilçiləri, dövlət qurumları, iri holdinq, bank, investisiya və sığorta şirkətləri nümayəndələrinin, müstəqil ekspertlərin iştirak etdiyi tədbirdə kapital bazarlarında mövcud vəziyyət, bu sahədəki çağırışlar, aparılan islahatlar və yaradılan imkanlar geniş müzakirə olunub.

Tədbirdə bildirilib ki, maliyyə sektorunun və kapital bazarlarının inkişafı ölkə iqtisadiyyatının prioritet sahələrdən biri kimi müəyyən edilib. Hazırda aparılan islahatların istiqamətlərindən biri də məhz bu sektorun inkişafına yönəlib. Azərbaycanın kapital bazarında investorlar və emitentlər üçün yüksək texnoloji həllər və müasir hüquqi çərçivələr yaradılıb. Ticarət və ticarət sonrası infrastruktur möhkəmləndirilib, investiya şirkəti, market meyker institutları formalaşdırılıb. Bu da öz növbəsində bazar iştirakçıları üçün çevik maliyyələşmə və investisiya imkanları yaradıb. Tədbirdə, bazarda optimal rəqabət mühitinin yaradılması, ilkin kütləvi təklifin təşkili və keçirilməsi, ədalətli və şəffaf qiymətlərin formalaşması, listinq və yeni alətlərin yadılması istiamətində BFB-nin ticarət təşkilatçısı olaraq rolundan danışılıb. Eyni zamanda, Birjada yaradılmış çevik maliyyələşmə imkanlarından bəhs edilib. 

Konfransda bildirilib ki, Azərbaycanın kapital bazarında son dövrlər baş verən ən mühum yeniliklərdən biri daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazlarının dövriyyəyə buraxılması olub. Yüksək gəlirliyi və likvidliyi ilə seçilən SOCAR istiqrazları hazırda ölkədə ən populyar qiyimətli kağıza çevrilib. Bu gün istiqrazların təkrar bazarda dövriyyəyə buraxılmasının bir ili tamam olur və həmin tarixdə istiqrazlar üzrə növbəti faiz ödənişi həyata keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən BFB-nin İdarə Heyətinin (İH) sədri Vüqar Namazov qonaqları salamladıqdan sonra, kapital bazarlarının maliyyə sistemində tutduğu vacib və əhəmiyyətli rolundan bəhs edib. O, ölkə iqtisadiyyatında maliyyə axınlarının kapital bazarları vasitəsi ilə diversifikasiyası, bu sahədə olan qabaqcıl təcrübə haqqında məlumat verib, bu istiqamətdə “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin əhəmiyyətini vurğulayıb. V.Namazov BFB-də mövcud maliyyələşmə və likvidlik alətləri, BFB-nin təşkil etdiyi Listinq Məsləhət Proqramı vasitəsi ilə şirkətlərə listinq, maliyyələşmə və ilin kütləvi təklif istiqamətində göstərilən dəstək, həmçinin Azərbaycanın mərkəzi kapital bazarı platforması olan CETA-nın yaratdığı imkanlardan bəhs edib.

Tədbirdə SOCAR-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu istiqrazların imkanları, üstünlükləri və yaratdığı imkanlar barədə geniş təqdimatla çıxış edib. O, bildirib ki, SOCAR istiqrazlarının dövriyyəyə buraxılması investorlar üçün yeni imkanlar açmaqla yanaşı, Azərbaycanın kapital bazarının infrastrukturunun təkmilləşməsində, operativ və şəffaf ticarət prosesinin formalaşmasında böyük rol oynayıb.

Tədbirdə Kapital bazarında investisiya perspektivləri müzakirə mövzusu olub. "PAŞA Holdinq" MMC-nin İH sədrinin I müavini Cəlal Qasımov bu mövzuda təqdimatla çıxış edib.

Konfransda Strateji Yol Xəritələrində kapital bazarının inkişafı üçün nəzərdə tutulan islahatlar və onların icra vəziyyəti geniş müzakirə edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı bununla bağlı geniş təqdimatla çıxış edib.

Konfransda hazırda ölkənin kapital bazarlarında mövcud olan investisiya alətləri və investorlar üçün yaradılan imkanlar da müzakirə edilib. BFB-nin sədri Vuqar Namazov “Azərbaycan kapital bazarları: Yeni alətlər və imkanlar astanasında” mövzusunda təqdimatla çıxış edib.

Tədbirdə qlobal maliyyə bazarları və onların yerli bazarlarla inteqrasiyası, kapital bazarlarına çıxış üçün müasir texnoloji həllər diqqət mərkəzində olub. Bu sahədəki yeniliklər "Invest-Az" investisiya şirkətinin rəhbəri Elşən Quliyevin “Maliyyə bazarlarında yüksək texnologiyaların rolu və qlobal kapital bazarınlarında effektiv maliyyələşməyə inteqrasiya” mövzusunda təqdimatda açıqlanıb.

Konfransda bildirilib ki, kapital bazarlarına investisiya və investorların fəallığı ölkədəki biznes mühitlə sıx bağlıdır. “Pricewaterhouse Coopers” audit şirkətinin idarəedici partnyoru Mövlan Paşayev “Hazırkı biznes mühiti. Şirkətlər niyə kapital bazarlarında olmalıdır?” mövzusunda təqdimatla çixiş edib.

“Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər” konfransı kapital bazarı təmsilçiləri və əlaqədar qurumlar üçün məlumat mənbəyi olmaqlda yanaşı, həm də faydalı müzakirə meydanına çevrilib.

Konfrans panel müzakirələri və sual-cavablarla davam edib.