Azərbaycan turizmin inkişafına yönəlib


Digərləri 17 Okt 2017 14:22:00 306 0

Azərbaycan turizmin inkişafına yönəlib

Son.az worldmedia.az-a istinadən Litva mediasında dərc edilən yazını təqdim edir.

Turizmin dünya iqtisadiyyatının ən perspektivli, dinamik və gəlirli sahəsi olması hər kəsə məlumdur və indi bu tezis Azərbaycanda daha böyük önəm qazanmaqdadır.

Son illər ölkədə bu sektora böyük diqqət yönəldilib. Daha dəqiqi, dövlət öz qarşısına turizm sektorunu ölkə iqtisadiyyatının potensial lokomotivinə çevirmək məqsədi qoyub.

Ümumdünya Turizm Təşkilatının açıqlamasında deyilir: "Getdikcə ixrac gəlirlərinin artması, yeni iş yerlərinin, müəssisələrin yaradılması və infrastrukturun inkişafı sayəsində daha çox ölkə turizmi sosial-iqtisadi tərəqqinin həlledici amili saymaqdadır".

Azərbaycanda turizmin inkişafı üçün bütün imkanlar var. O, çox parlaq və koloritli ölkədir. Burada Avropa və Asiya mədəniyyətləri qovuşur. Ölkə ərazisində çoxlu görməli yerlər, qədim şəhər və məscidlər, dəbdəbəli saray və monumental qalalar var. Xəzərin sahili isə gözəl çimərlikləri və kurortları ilə məşhurdur.

Turizm Azərbaycanda dövlət səviyyəsində iqtisadiyyatın prioritet sahələrindən biri kimi tanınıb, çünki bu, dövlətin iqtisadi, siyasi və sosial maraqlarının ifadə olunması üçün ən vacib alətlərdən biridir.

Turizm sektoru regional inkişafın katalizatoru olduğu üçün son illər bölgələrdə çox əhəmiyyətli amilə çevrilib. Turizm sənayesinin təqdim etdiyi xidmətlərin artım dinamikası digər sahələrdən daha çox iş yerlərinin açılmasına səbəb olur.

Hazırda ölkəyə gələn turist axınının artımı müşahidə olunmaqdadır. Prezident İlham Əliyevin turizmi prioritet sahələrdən biri kimi qeyd etməsi təsadüfi deyil. "Turizm ilə bağlı məsələlər xüsusən valyuta mədaxilləri müəyyən dərəcədə azalmış ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlar neft-qaz resurslarına malik olan ölkələrdir. Mən deyərdim ki, turizm ixracın vacib istiqamətidir və burada, bizim bu məkanda turizmin inkişafı, müəyyən birgə turizm marşrutları məsələlərinin müzakirəsi də çox böyük əhəmiyyət kəsb edir", - deyə ölkə başçısı MDB-nin Soçi sammitində bildirib.

Azərbaycanda ölkəyə daha çox turistin cəlb olunması üçün müxtəlif tədbirlər həyata keçirilir. "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 1 sentyabr 2016-cı il tarixli prezident sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni mərhələ açır. Bu sərəncamın icrası çərçivəsində görülən tədbirlərdən biri də Bakıda təşkil olunan ticarət festivalladıdır (Baku Shopping Festival).

Bu il oktyabrın 15-dən noyabrın 15-dək Bakıda sayca ikinci şopinq festival keçirilir. Ay ərzində alıcılar şəhərin 500-dən çox mağazasında geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, həmçinin dünyanın aparıcı brendlərinin bir çox digər məhsullarını xüsusi kampaniyalar çərçivəsində, endirimlə ala bilər. İlk dəfə olaraq, festivala aptek və supermarketlər də qatılıb. Üstəlik alınmış mallara "Tax free" tətbiq olunacaq. Bu islahat Azərbaycanda ikinci dəfədir tətbiq olunur. Özü də "Tax free", yəni ƏDV-nin qaytarılması yerli vətəndaşlara da şamil olunur ki, bunun da dünyada analoqu yoxdur. Bununla yanaşı, festival zamanı müxtəlif interaktiv oyunların, moda nümaişləri və digər əyləncəli tədbirlərin təşkili nəzərdə tutulub.

İkinci Bakı Şopinq Festivalı bir sıra digər yeniliklərlə də yadda qalacaq. Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, ikinci şopinq festival zamanı ilk dəfə olaraq xüsusi turist paketləri təqdim olunacaq. "Festival çərçivəsində turizm agentliklərinə xüsusi turpaketlər təqdim ediləcək. Paketə təyyarə bileti, transfer, sığorta, oteldə gecələmə və mağazalara şopinq turların təşkili daxil olacaq", - deyə nazir bildirib. 

Onun sözlərinə görə, bu il festivalın tərəfdaşlarının da sayı üç dəfə artıb. Onlar alıcılara müxtəlif endirim və hədiyyələr təqdim etməkdədir.