ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirib


Siyasət 17 Okt 2017 13:29:57 319 0

ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirib

"Azərbaycanda islahatların aparılması üçün ölkədəki müxtəlif elementlər arasında dialoq var"

"Azərbaycanda islahatların aparılması üçün ölkədəki müxtəlif elementlər arasında dialoq var və bu dialoqun aparılması da mühümdür".

"Report"un məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, ABŞ biznesmenləri yaxın gələcəkdə bir sıra sahələrə investisiya yatıra bilər:

"Kənd təsərrüfatı, suvarma və informasiya texnologiyaları sahələri gələcək əməkdaşlığımız üçün əsas perspektivdir".

ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünə də münasibət bildirib: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatından əlavə heç nə deyə bilmərəm". 

R.Sekuta vurğulayıb ki, son 25 ildə ABŞ-ın Azərbaycana ayırdığı yardımlar 1,3 mlrd. dolları ötüb: "ABŞ Dağlıq Qarabağ problemi nəticəsində məcburi köçkün düşən insanlara yardım üçün 120 mln. dollar ayırıb. Ümumilikdə 7 mindən çox şəxs ölkəmizin vəsaiti ilə ABŞ-da təhsil alıb. Bu dövr ərzində 500-dən çox Sülh Korpusu könüllüsü Azərbaycanda çalışıb".