Norveç səfiri Naxçıvanla ikitərəfli əlaqələrin inkişafında səylərini artıracaq


Siyasət 17 Okt 2017 03:58:41 332 0

Norveç səfiri Naxçıvanla ikitərəfli əlaqələrin inkişafında səylərini artıracaq

Vasif Talıbov Bard İvar Svendsen ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen ilə görüşüb.

"Report" muxtar Respublikanın Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Vasif Talıbov qonağı salamlayaraq, Azərbaycan-Norveç əlaqələrinin əsasının 1992-ci ildə qoyulduğunu, ötən dövrdə hər iki ölkədə səfirliklərin fəaliyyətə başladığını, iqtisadi və qeyri-hökumət təşkilatları ilə əlaqələr sahəsində səmərəli əməkdaşlığın qurulduğunu deyib.

Azərbaycanın neft layihələrinin həyata keçirilməsində Norveç Krallığının iştirakını diqqətə çatdıran Ali Məclisin sədri bunu hər iki ölkə arasındakı əməkdaşlığın nəticəsi kimi dəyərləndirib. V.Talıbov ölkələrimiz arasındakı münasibətlərə uyğun olaraq Naxçıvan-Norveç əlaqələrinin qurulduğunu bildirib, ali təhsil müəssisələri arasında, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Səfir Bard İvar Svendsen səmimi qəbula görə minnətdarlıq edib, ölkəmizdə fəaliyyət göstərməkdən və Naxçıvana səfərindən məmnunluğunu bildirib. Naxçıvan Muxtar Respublikası ilə bir çox sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu bildirən səfir ikitərəfli əlaqələrin inkişafında səylərini artıracağını qeyd edib.

Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.