"Atam məni aparandan sonra anam intihar etmişdi..."


Digərləri 16 Okt 2017 22:46:00 280 0

"Atam məni aparandan sonra anam intihar etmişdi..."

"Beş yaşım var idi. Az-maz xatırlayıram. Qəribədir ki, ən yadımda qalan şey əynimdəki qırmızı palto idi. Damaları və iri düymələri hələ də gözümün qabağındadır. Yadımdadır, həmin düymələr düşüb itməsin deyə anam onları tikərək bərkitmişdi. O gün hamımız tanımadığım bir yerə getmişdik. Orada çoxlu adamlar var idi, nə isə danışırdılar, baxırdım ki, atam hirslidir, anam ağlayır. Sonra hamımız həyətə çıxdıq, atam məni qucağına alaraq, tələsə-tələsə üzü küləyə tərəf aparmağa başladı. Mən küləkdən qorunmaq üçün başımı arxaya çevirəndə gördüm, anam bizimlə gəlmir. O, yerə diz çöküb mənə tərəf baxaraq ağlayırdı..."

"İndi günahkar axtarıram..."   Son.az bildirir ki, bunları ailem.az-a Xumar Cəbiyeva danışır. O deyir ki, anasının əksi indi də gözlərinin qabağındadır. Həmişə də onu yerə çöküb ağlayan yerdə təsəvvür edir: "İndi 17 yaşım var. Çox şeyləri başa düşürəm, anlayıram. Amma bircə onu anlaya bilmirəm ki, bir balanı anadan ayırmaq nə qədər doğrudur? Səbəb nə olursa-olsun. Sonra öyrəndim ki, guya anamın müəyyən xoşagəlməz davranışları olub və buna görə də boşanma zamanı məhkəmə mənim atamla qalmağıma qərar çıxarıb. Atam anamla mənim görüşməyimə qəti şəkildə icazə vermədi. Mən o zaman çox ağlayırdım, xəstə olurdum, qızdırma içində anamı sayıqladığımı deyirlər. Bir müddət sonra atam ikinci dəfə ailə quraraq Rusiyaya getdi və məni də özü ilə apardı. O vaxtdan atam mənə anamla bağlı nəsə soruşmağı qadağan etmişdi. Düz 10 ildən sonra Azərbaycana qayıtdıq və mən qərara gəlmişdim ki, nə olur-olsun anamın yanına gedəcəm, lap elə onunla qalacam... Amma çox gecikmişdim. Öyrəndim ki, anam biz Rusiyaya gedəndən 6 ay sonra intihar edib... İndi tamamilə tənha qalmışam. Əvvəl bilirdim ki, anam haradasa sağdır, nə vaxtsa onu tapacam, görüşəcəm. Amma indi... İndi bu olanlara görə günahkar axtarıram, atamdırmı günahkar?!"   ***   Hər insan həyatda fərqli bir şey axtarır. Uşaqlıqdan etibarən gördüyü ailə tərbiyəsi, aldığı təhsil, ana və atasının şəxsi keyfiyyətləri, yaşadığı şərait və sair insanın dünyaya baxışını formalaşdırır. Bəs dağılan ailələrin uşaqlarının gələcək həyatı hansı təməl üzərində qurulur? Bəzən ana, ya ata, yaxud hər ikisi valideynlikdən məhrum edilir. Bu natamam ailədə böyüyən uşaqların psixoloji vəziyyəti necə olur? Ümumiyyətlə, valideynlər hansı hallarda övladlıqdan məhrum edilir?

"Gözləri başqa ailələrdə olur"