"Satılıb eləməmişəm ki..." Hafiz Məmmədov


Digərləri 16 Okt 2017 14:37:41 362 0

"Satılıb eləməmişəm ki..."  Hafiz Məmmədov

Azərbaycanlı iş adamı Hafiz Məmmədov qol.az saytına müsahibə verib.

Son.az müsahibəni təqdim edir:

- Necədi işləriniz?

- Problemlər qalmaqdadır, amma düzələcək, bu istiqamətdə işlər gedir.

- Çoxdandı mediada da görünmürsünüz.

- Hə, bu aralar bir az kənara çəkilmişəm. "Atletiko"ya görə danışmaq isə xoşdu. Həqiqətən sevindirici haldı. Belə bir nəhəng klub Azərbaycanda bu dəfə rəsmi matça, özü də "Qarabağ"la oyuna gəlir.

- Sizin təşəbbüsünüz və birbaşa maliyyə dəstəyinizlə "Atletiko" 3 ilə yaxın Azərbaycanla əməkdaşlıq etdi, üzərində ölkəmizin adının yazıldığı formaları geyindi.

- Bu əməkdaşlığın kökü 2012-ci ilə gedib çıxır.  Xarici klublarla maraqlanırdım. İlk olaraq Fransadan "Lans" variantı vardı. Həmin ilin yay aylarında bununla bağlı müzakirə aparılırdı. Elə o ərəfədə "Atletiko" "Çelsi" ilə Avropa superkubokunun oyunu üçün Monako şəhərinə gəldi. Mən də ordaydım. "Atletiko" klubunun daxilində ümumi dostlarımız var. Hansı ki, onlar bizneslə də məşğul olurlar. Həmin vaxt madridlilər sponsor, tərəfdaş axtarırdılar. Danışdıq, razılaşdıq. O vaxtlar maliyyə imkanlarımız da geniş idi. Onlarla bu gün də dostluğumuz davam edir. Bir-iki günə (söhbət şənbə günü olub - A.B.) rəsmi oyun üçün Bakiya gələcəklər. Ancaq onların Azərbaycanda bir ünvanları var: "Bakı" futbol klubu. Yəni, mənim ünvanım həm də "Atletiko"nun Bakıdakı ünvanıdı.

- Ondan sualı belə qoyum, Dieqo Simeone necə biridi?

- Əla oğlandı. Özü də sənə deyim, bir ad gününü mənim evimdə keçirib. 2013-cü ilin, aprelin 28-də, səhv eləmirsə, 43 yaşı tamam olurdu. Qismətdən "Atletiko"nun Bakıya səfəri Simeonenin ad gününə təsadüf etdi. "Four seasons"dakı ziyafətdən sonra gəldik bizim evə, yani bura. Danışdıq, güldük, yedik-içdik. Sonra dedi ki, olar elə səhərə qədər burda oturum? Səhər açılana qədər onun ad gününü qeyd etdik. Radamel Falkao (Hazırda "Monako"da oynayır - A.B.) və başqa bir neçə futbolçu da onunlaydı. Sonra bütün komanda bura gəldi. Bir iki hədiyyə də verdim. Falkao hamısından fağır görünürdü. Yetim kimi kənarda dayanmışdı (gülür). O biri futbolçular isə maşallah zirək idi, hərəsi bir şey götürürdü.

- Futbolçulardan Falkao ilə münasibətləriniz daha yaxşıdır deyəsən.

- Elədi. Monakoya səfərim olanda gəlib mənimlə görüşürdü. Mənə bahalı saat da hədiyyə edib. Təsəvvür edirsən. Futbolçu belə qiymətli saat hədiyyə etməz e...

- Qiyməti nə qədər olar?

- 30 min avro! O qədər tərbiyəli, yaxşı uşaqdı ki...

- Bəs, siz özünüz "Atletiko"lu futbolçulara nə hədiyyə edirdiniz?

- Bir dəfə dedim çempion olun, oturaq təyyarəyə, sizi ürəyiniz hara istəyirsə, ora aparım. Onlar çempionluq kubokunu alanda bir yerdə Madriddə idik. Amma elə oldu ki, səfərə çıxa bilmədik.

- Pul mükafatı verdiniz?

- Pul yox, amma hər birinə bahalı saat hədiyyə etdim. Özü də tək "Atletiko"ya deyil. Elə "Lans"ın da futbolçularına bahalı hədiyyələr verirdim.

- Qayıdaq yenə Simioneyə. Necə insandı? Oyunlar vaxtı çox çılğın olur.

- Çox yaxşı, zarafatcıl, iradəli və xarakterli adamdır. Dəmir intizamı var. Yeri gəlmişkən, Simeonenin Azərbaycan futboluna da faydası dəyə bilərdi. Amma, görünür, müəyyən insanlar bunu istəmədi. O vaxt əməkdaşlığımız zamanı söz vermişdi ki, 2020-ci ilə kimi İslandiya millisi tərzində yeni Azərbaycan milli komandası  yarada bilər. Deyirdi ki, Azərbaycandan mənə, "Atletiko"ya 15-16 yaşlarında 40 nəfər uşaq verin. Hamısını aparım Madridə. İçlərindən 20-sini seçib, digərlərini geri qaytaracam. Həmin 20 futbolçu İspaniyada qalıb təcrübələrini artırmalı və Azərbaycan milli komandalarına fayda verməli idi.