II Bakı Şopinq Festivalı daha fərqli və yeni imkanlar vəd edir


Digərləri 16 Okt 2017 14:25:00 349 0

II Bakı Şopinq Festivalı daha fərqli və yeni imkanlar vəd edir

Növbəti Bakı Şopinq Festivalı bayramı başladı! Endirimlər, hədiyyələr, lotereya oyunları və daha nələr sizləri gözləyir.

Son.az xəbər verir ki, festivalın təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosundan (AKB) Trend-ə verilən məlumata görə, 15 oktyabrdan etibarən paytaxtımızda uzun müddətdir hazırlıqları aparılan II Bakı Şopinq Festivalı start götürüb. Bu dəfəki Şopinq Festival birincidən çox fərqli və daha yeni imkanlar vəd edir. Noyabrın 15-dək davam edəcək festivala 500-dən artıq ticarət obyekti qoşulacaq. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyətinin ƏDV qaytarılması sisteminə qoşulması, turistlər və yerli alıcılar üçün böyük fürsətlər yaradır.

Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Azərbaycan Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət) və AzərTürkBankdır.

Yeniliklərdən biri də budur ki, bu dəfə Bakı Şopinq Festivalında iki supermarket - "Bravo" hipermarketi və "Neptun" supermarketi də iştirak edəcək. Bundan başqa, bir sıra apteklər də festivala qoşulublar.

Bakı Şopinq Festivalının təşkilatçıları turistlər üçün xüsusi paketlər hazırlayaraq müvafiq turizm agentliklərinə təqdim edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, 3 gecə oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir.

Festival iştirakçılarını hədiyyə kartları, xüsusi uduşlu lotereyalar və endirim kuponları, bir çox sürprizlər və əyləncəli tədbirlər də gözləyir. Həmçinin, həvəsləndirici tədbir olaraq, turistlər və alıcılar üçün Park Bulvar Mall-da isə "Şopomania" oyunu, 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində interaktiv oyunlardan ibarət Uğurlu Çarx əyləncə proqramı təşkil olunacaq. Fəvvarələr meydanında isə fan zona fəaliyyət göstərəcək.

"Festival Sürprizləri": Lotereyada oyna və hədiyyə qazan!

Festival müddətində həyata keçiriləcək poz-qazan formatında hazırlanmış Ani Stimullaşdırıcı Lotereyalar zamanı müştəri digər iştirakçıları gözləmədən qazanmaq şansı əldə edir. Festival dövründə Bakı Şopinq Festivalı iştirakçısı olan istənilən mağazadan bir dəfəyə 100 AZN və daha çox alış-veriş edən hər bir kəs lotereya iştirakçısı ola bilər. Festival zamanı 100-500 AZN-lik alış-veriş edənlər 1 bilet, 500 AZN və daha çox alış-veriş edənlər isə 2 bilet əldə edə biləcəklər.