Eşqili baş sərxoş gəzib dolaşar...


Kriminal 16 Okt 2017 13:31:00 319 0

Eşqili baş sərxoş gəzib dolaşar...

Son.az teleqraf.com-a istinadən Murad Köhnəqalanın şeirlərini təqdim edir:

Könül bağlarının bir bülbülü var,  Zəhrimar ağlayar, şəkər ağlayar  Haqqın camalını güllərdə gəzər  Gözündən qanlı yaş tökər ağlayar. 

Məcnun çöllərində daxmalar qurar, Qalxıb bəzirganlar yolunda durar, Ötən qəriblərin halını sorar,  Viran könülləri tikər ağlayar. 

Köhnəqalam söylər bundan halıdı,  Çəkdiyin faninin qeylü-qalıdı,  Beş arşın ağınan dünya malıdı, Mizan-tərəzidə çəkər ağlayar

*** Məğrurluq eyləyib comərdəm deyən, Suyulub özgənin malına dəyməz Haramlar üstündə gələn səltənət,  Bir qara iyidin telinə dəyməz. 

Qüdrətdən enibdi gözəlin xalı, Tanrıya bəllolar aşiqin halı,  Sözü tutulmayan ərin saqqalı,  Çölün yovşanına, koluna dəyməz. 

Köhnəqalam söylər köhnə söhbətdi,  Haqqın göndərdiyi cana minnətdi,  Yaxşı arvad, yaxşı övlad dövlətdi,  Hər yetən kişinin əlinə dəyməz

*** Dost bağında bülbul oldum, çox ötdüm, Hal anlamaz qonça güllər sağ olsun. Eşqili baş sərxoş gəzib dolaşar, İpək tellər, incə bellər sağ olsun. 

Çox gəzmişəm bu dərdlərin damını,  Nuş etmişəm badəsini camını,  Mən görmədim şirinlərin tamını, İndən belə acı dillər sağ olsun.

Köhnəqalam söylər köçdü köçənlər,  Altun irdələyib, gövhər seçənlər, Arşınlayıb kəfənimi biçənlər, Üstümə daş hörən qollar sağ olsun.

*** Sabahdan əsəndə dağın yelləri,  Titrədib bağları güldən oynadar,  Axşam sürü vaxtı mələşər quzu,  Qərib ürəyimi teldən oynadar. 

Qarlı olar uca dağın başları,  Suyunda görünər əlvan daşları,  On beşində bir gözəlin qaşları, Çəkib tər iyidi eldən oynadar. 

Köhnəqalam söylər ər libasında, Görükər gözünə yar libasında, Şeytan qarşı gələr var libasında,  Tamahkar adamı yoldan oynadar. 

*** Məni görməyənin xoş o halına, Düşmüşəm, vəfalı yar axtarıram. Bülbülü didərgin, gülü talanmış,  Viranə bağlardan bar axtarıram.

Yıxılar körpülər, uçular tağlar, Yarından ayrılan ah deyib ağlar, Handadı yıxılmış o qarlı dağlar, Durub alçaqlarda qar axtarıram.

Köhnəqalam gəlsin arif yoluna, Aşiqlər buyursun sağı-soluna,  Haqq nəzər eyləsin çaşqın quluna,  Nədi bu fanidə var axtarıram. 

*** Ala gözlərini sevdiyim dilbər, Get-get deyən əlin əylədi məni. İpək köynəyinlə qovğaya qalxan, Bir cüt qonça gülün gülün əylədi məni.