Restoranda baş verən silahlı insidentə görə həbs edilənlərin məhkəmə istintaqı başa çatıb


Sosial 16 Okt 2017 13:14:26 315 0

Restoranda baş verən silahlı insidentə görə həbs edilənlərin məhkəmə istintaqı başa çatıb

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəkillər hadisədə güllə yarası almış təqsirləndirilən B.Rəfiyevlə bağlı yenidən ekspertiza keçirilməsi ilə bağlı vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib. Prosesdə sənədlərin tətbiqi mərhələsi davam etdirilib. Məlum olub ki, təqsirləndirilən S.Abdullayevin boks üzrə birinci dərəcəli hakim dərəcəsi var. Məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə qeyri-muəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, cinayət hadisəsi ötən il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.