"Bərdə” gəmi-bərəsi istismara qaytarılıb


İqtisadiyyat 16 Okt 2017 12:29:30 307 0

"Bərdə” gəmi-bərəsi istismara qaytarılıb

Nəqliyyat vasitəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar edilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Gəmi sınaq üzüşündən uğurla çıxıb.

Bu barədə Gəmiçilikdən "Report"a daxil olan məlumatda qeyd edilib.

"Gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi rənglənib. Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib. Sınaq üzüşündən uğurla çıxan gəmi-bərənin registrə dair müvafiq sənədləri də artıq hazırdır",- deyə məlumatda əlavə olunub.

Qeyd edək ki, “Bərdə” gəmi-bərəsinin yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismarına start verilib. Üzən vasitə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxdığı səfərlərdə dəmir yolu vaqonları daşıyır. Uzunluğu 154,50, eni isə 17,0 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə var.