“2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin nəticələri açıqlanıb


Sosial 16 Okt 2017 11:33:38 348 0

“2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin nəticələri açıqlanıb

AMEA prezidenti: "Elm özü maliyyə qazanmalıdır"

Prezident yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq baş tutan “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə AMEA-prezidenti Akif Əlizadə, gənclər və idman naziri Azad Rəhimov, səhiyyə nazirinin müavini Elsevər Ağayev və digər dövlət rəsmiləri iştirak edib.

Fondun icraçı direktoru Elçin Babayev deyib ki, mütəmadi olaraq keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur.

O qeyd edib ki, “2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olan, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılması olub.

AMEA-prezidenti Akif Əlizadə çıxışında vurğulayıb ki, elmə marağın artırılması və elmin populyarlaşdırılması üçün belə müsabiqələrin keçirilməsi vacibdir: "Elm sahəsinə ayrılan maliyyə problemi hər zaman ciddi məsələ kimi qalır. Elm sahəsinin inkişafı üçün büdcədən maliyyələşmə hər zaman azdır və bu da yetərli deyil. Ona görə də hər zaman deyirəm ki, elm özü maliyyə qazanmalıdır. Bunun da bir çox meyarları mövcuddur".

Xatırladaq ki, müsabiqənin nəticələrinə əsasən, “2016-cı ilin alimi", “2016-cı ilin gənc alimi" nominasiyaları üzrə 12 alim (8 alim "2016-cı ilin alimi", 4 alim "2016-cı ilin gənc alimi") qalib elan olunub.

Qaliblərdən 6-sı AMEA-nın müxtəlif institutlarını, digər 6 qalib isə Bakı Dövlət Universiteti (3 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edir.

Müsabiqə nəticəsində Fizika, riyaziyyat və texnika elmləri üzrə 3, Kimya elmləri üzrə 4, Tibb, biologiya və aqrar elmləri üzrə 2, Humanitar və ictimai elmlər üzrə 3 alim qalib elan olunub.

Mükafat müsabiqəsinin ümumi maliyyələşdirilmə həcmi 32 000 manatdır.