Amerika da Qarabağda aprel döyüşlərinin təkrarlanmasından qorxurmuş


Siyasət 16 Okt 2017 11:09:00 371 0

Amerika da Qarabağda aprel döyüşlərinin təkrarlanmasından qorxurmuş

ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirməyi planlaşdırması hər şeydən öncə belə dinləməyə niyə məhz indi ehtiyacın yarandığı sualını ortaya çıxarır.

Bunu Son.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib.

Ancaq onun sözlərinə görə, ən azı bu sual qədər dinləmələrin kimin təşəbbüsü ilə keçirilməsi məsələsi də maraqlıdır: "Məsələ ondadır ki ABŞ Konqresində belə dinləmələrin keçirilməsinin təşəbbüskarı ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitdir. Bu şəxs isə daima Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Əslində, K.Smit erməni lobbisinin ən fəal üzvlərindən bir olmaqla hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayan zaman ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan "Azadlığı Müdafiə Aktına 907-ci düzəliş"in qəbul olunmasına nail olan konqresmendir. O, həmçinin ABŞ-ın qondarma "erməni soyqırımı"nı tanımasına çalışanlar arasında ən fəallardandır. Onun bu yaxınlarda ABŞ Erməni Milli Komitəsinin (ANKA) rəhbəri Aram Hamparyamla görüşməsi və görünür, elə erməni lobbisindən aldığı sifarişlə də bu məsələni siyasi gündəmə gətirməsi dinləmələrin bir daha Azərbaycana qarşı şər, böhtan və qaralama kampaniyasına çevriləcəyindən xəbər verir".

Millət vəkilinin fikrincə, Komissiyanın sənədlərində 2016-cı ilin aprel döyüşlərindən bəhs edilməsi çox məqamlardan xəbər verir: "Komissiyanın məlumatında 2016-cı il aprel döyüşlərinin nəticələrinə istinad edilməsi, itkilərin statistikasının verilməsi ona işarə edir ki, nə Ermənistan və erməni lobbisi, nə də islamafob mərkəzlər aprel döyüşlərində Azərbaycan ordusunun əldə etdiyi hərbi-strateji və mənəvi-strateji üstünlüyü qəbul edə bilmir. Bu bir daha sübut edir ki, aprel döyüşləri Dağlıq Qarabağ probleminin həlli məsələsində yeni hərbi-siyasi reallıqlar yaradıb və Azərbaycanın danışıqlarda mövqeyini kifayət qədər gücləndirib".

H.Babaoğlu qeyd edib ki, ABŞ-ın regionda yeni güc mərkəzinin yaranmasından qorxması da nəzərdən qaçmır: "Nəzərə almaq lazımdır ki, son dövrlərdə müsəlman Şərqində baş verən mürəkkəb hərbi-siyasi kataklizmlər zamanı regional aktorlar kimi Türkiyə və İranın atdığı müstəqil addımlar da onların mövqelərini xeyli dərəcədə gücləndirmiş oldu. Əgər bu prosesdə Rusiyanın da region ölkələri ilə birgə hərəkət etdiyinə diqqət yetirsək, görərik ki, əslində, xarici faktorlara qarşı yeni regional güc mərkəzi formalaşmaqdadır. Belə davam edərsə, yeni regional güc mərkəzi qlobal xarakterli siyasi proseslərdə də sinxiron, yaxud koordinasiya edilmiş qərarlar qəbul etməklə regionun bütün problemlərini, o cümlədən Dağlıq Qarabağ problemini Qərbin müdaxiləsi olmadan həll edə bilər. Məhz bu mühüm geosiyasi faktorla manipuliyasiya edən ABŞ-ın Helsinki Komissiyası məsələni Dağlıq Qarabağ ətrafında mümkün müharibəyə İran, Türkiyə və Rusiya tərəfindən də müdaxilə ola biləcəyi kimi şərh edir. Amerika dolayısı ilə bəri başdan mümkün yerli hərbi-siyasi ssenarilərə qısqanclıqla yanaşdığını nümayiş etdirir. Əgər belə olmasaydı, Helsinki Komissiyası bu günə qədər heç olmasa bircə dəfə Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlyünün qorunması prinsipini yada salar, işğalçı Ermənistanın Azərbaycana qarışı bu mühüm prinsipi pozduğunu dilə gətirər və onu ittiham edərdi. Ona görə də K.Smitin təşkil etdiyi dinləmələr erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil. Yaxşı olar ki, aprel döyüşlərinin statistikasını hesablayanlar unutmasınlar ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çıxmasa, belə döyüşlər tez-tez təkrarlana bilər". İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində