Dişi keyiməyən insanlar


Digərləri 15 Okt 2017 19:16:00 343 0

Dişi keyiməyən insanlar

Bəzi insanların bədəni yerli anesteziyadan keyimir. Onlar stomatoloji və tibbi proseduraların ağrısına dözmək məcburiyyətində qalırlar. Və bunun səbəbi hələ indi yavaş-yavaş aydın olur.

Lori Lemon həkimləri mat-məəttəl qoymuşdu. O, Florida ştatında Jacksonville-de yerləşən Mayo Klinikasına dirsəyindəki lipomasını (dəri altında şişən piy toxuması) əməliyyat etmək üçün gəlmişdi. Bunun üçün şişin ətrafı keyidilməli idi, amma alınmırdı.

"Xəstəxanadakı mümkün bütün üsullar və müxtəlif dərmanların heç biri kömək etmədi," o deyir.

Son.az BBC-yə istinadən bildirir ki, klinikanın anestezioloqu Steven Clendenen də bunu təsdiq edir.

"Sinirlərə nə qədər yerli anesteziya qarışığı doldursaq da faydası olmadı," o xatırlayır.

Həkimlər təəccüblənsələr də, bu Lemon üçün adi hal idi. Ağlı kəsəni yerli keyimə müqavimətindən əziyyət çəkib. İlk dəfə təxminən yeddi yaşında ikən diş həkimində problemin fərqinə varıb.

"Onlar işini görməyə başladı və mən də onlara ağrı hiss etdiyimi söylədim," o deyir.

Həkimlər növbəti inyeksiyanı ediblər.

"Axırda dözməyib qışqırdım və müalicə bitənə qədər ağladım."

Clendenen pasientinin vəziyyətini aşkarladıqdan sonra, onu dərindən araşdırmaq qərarına gəlir. O, yerli keyitmənin təsir etmədiyi bir çox insan haqqında hadisələrlə rastlaşır. Sən demə heç kim bunun səbəbini anlamırdı - nə müqavimətə səbəb olan mexanizm, nə də əlacı bəlli deyildi.

Amma Lemon və ailəsi üzərində yeni bir genetik tədqiqat, cavaba gedən cığırın başlanğıcı kimi görünür.

Cığıra işıq salan ilk alimlər Londonun College Hospital Universitetindən Alan Hakim və həmkarlarıdır. Hakim Ehlers-Danlors Sindromlu insanlar üçün xəstəxananın rəhbəridir. Bu sindrom birləşdirmə toxumaları qüsuru deməkdir və oynaqların kəskin şəkildə yerindən çıxması, tez göyərən və əzilən dəri ilə müşayiət olunur.

Hakim müəyyənləşdirib ki, bu xəstələrdən də bəziləri yerli keyimə müqavimətlidirlər. Keyimə əvəzinə onlar ağrını hiss edirlər.

"O zaman qərara aldıq ki, xəstəxanadakı bütün pasientlərdən bunu soruşaq," Hakim xatırlayır.

Problem haqqında ilk dəfə 11 il əvvəl - 2005-ci ildə qısa məruzə hazırlayan Hakim deyir ki, hələ də məsələnin rəsmi tədqiqatı baş tutmayıb. Amma bir neçə nəzəriyyə mövcuddur.

Bir fərziyyəyə əsasən, onların toxumaları EDS-si olmayan xəstələrdən azca fərqli olduğuna görə anesteziyanın hopmasına təsir göstərir.

Yerli keyitmə natrium kanallarını pozaraq işləyir. Bu kanallar sinir hüceyrələrinə gedən natrium ionlarını müsbət yükləyərək ağrı hissi yaradırlar. Bu mexanizm, bəzi xəstələrə müəyyən dərmanların - tutaq ki, lidokain əvəzinə artikain - daha yaxşı təsir etdiyini izah edə bilər.

Başqa bir nəzəriyyə təklif edir ki, məsələn, artikainin təsirli olmasının səbəbi onun piydə də daha yaxşı ərimək qabiliyyətidir və buna görə də hər bir sinir membranında daha yaxşı yayılır.

Bəzi xəstələrin sinirləri normalda rast gəlinən yerlərdən azca fərqli ola bilir. Bəzən keyimə üçün inyeksiya yerini dəyişmək də işə yarayır.

Bəzən yerli anesteziya dərinin altında yerləşən və infiltrasiya adlanan toxumaya və ya sinirə, yaxud sinirə yaxın yeridilir və bu da sinir tutulmasına səbəb olur.

Əgər dişdə daha geniş deşik açılmalıdırsa, stomatoloq sinirlər zədələnməsin deyə sinir tutulmasına əl atmalı olur. Bu zaman da anesteziya hər yerə yayıla bilmir.

Ən çətini isə kifayət qədər məlumatın olmamasıdır. EDS xəstələrində yerli keyimə müqavimətinin səbəbləri müəyyənləşdirilməyib.

"İnfiltrasiya üsulu və sinir tutulması üsulundan hansının işləmədiyini ayırd etmək mümkün olmayıb," Ohia Dövlət Universitetindən stomatoloq-anestezioloq Joel Veaver deyir. Digərləri kimi Veaver də məsələ ilə bağlı tədqiqatların sayını artırmağın faydalı olacağını düşünür.

Hakim deyir ki, həmkarları ilə birgə apardığı iş, həkimlər və stomatoloqlar arasında yerli keyimə müqaviməti probleminin yayılmasına səbəb olub. Amma hələ də bu haqda bilməyən və ilk dəfə eşitdikdə skeptik yanaşan həkimlərin sayı çoxdur.

EDS tibb bacısı və bu problemdən əziyyət çəkən Jenny Morrison isə məsələyə dərindən vaqifdir.

"Bir neçə dəqiqə keyiməni hiss edirəm, vəssalam," o deyir.

"Bəzi insanlar isə heç hiss etmirlər, amma məndə keyimə təxminən 10 dəqiqə çəkir."