Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə 208 seçki məntəqəsi yaradılıb


Dünya 15 Okt 2017 15:28:47 343 0

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə 208 seçki məntəqəsi yaradılıb

Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək

Gürcüstanda oktyabrın 21-də keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərlə əlaqədar azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə 208 seçki məntəqəsi yaradılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Anna Mikeladze söyləyib.

A.Mikeladze bildirib ki, azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə 208, ermənilərin yığcam yaşadıqları bölgələrdə 133 seçki məntəqəsi yaradılacaq. Daha 4 məntəqə azərbaycanlı, gürcü və ermənilərin yığcam, birgə yaşadıqları bölgədə təşkil olunacaq.

Onun sözlərinə görə, artıq seçki bülletenlərinin çapına başlanılıb. Seçkilərlə əlaqədar ümumilikdə 9 milyyon 546 min 450 bülleten çap olunacaq. Bülletenlərin çapı doqquz nəşriyyatda beynəlxalq və yerli müşahidəçilərin nəzarəti altında həyata keçiriləcək. Bülletenlər 3 növdə olacaq.

Birinci tip bülletenlər siyasi partiya və seçki blokları üçün praporsional seçki sistemi üzrə keçiriləcək məntəqələrə veriləcək, bu bülletenlər mavi rəngdə olacaq.

İkinci növ bülletenlər çəhrayı rəngdə olacaq və mojaritar sistem üçün nəzərdə tutulub.

Üçüncü növ bülletenlər isə açıq yaşıl rəngdə olacaq, şəhər merləri və yerli özünüidarəetmə orqanlarının deputatları üçündür.

A.Mikeladze onu da bildirib ki, bülletenlər Azərbaycan və erməni dillərində də onların məskunlaşdıqları ərazilərdə yaradılmış məntəqələrə paylanılacaq.

Son məlumatlara görə, hazırda seçki siyahısında 3 milyon 440 min 123 nəfər seçici qeydiyyata alınıb.

Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

Yeni qaydada təşkil olunacaq seçkilərdə seçicilər 2 min 58 deputat, 64 sakrebul (bələdiyyə) rəhbəri və 64 mer seçəcəklər.

Gürcüstanın Ambrolauri, Axaltsixe, Qori, Zuqdidi, Telavi, Mtsxeta, Ozurqeti şəhərləri yerli özünüidarəetmə statuslarını itiriblər. Hələlik bu status yalnız Tbilisi, Kutaisi, Batumi, Rustavi və Poti şəhərlərində qalıb.

Bundan başqa, parlament rayon administrasiyasının rəhbəri – qamqebeli vəzifələrini də rayonun meri vəzifələri ilə əvəz edib.

Yeni dəyişikliklərə əsasən indi deputatlar, rayon merləri 3 il deyil, 4 il müddətinə seçiləcəklər.

Hökumət yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsinə 39 milyon lari (16,9 milyon dollar) maliyyə vəsaiti ayırıb.