Kəsilmiş at başları aşkarlandı


Digərləri 14 Okt 2017 20:59:00 375 0

Kəsilmiş at başları aşkarlandı

Bərdə rayonunda qanunsuz at kəsimi və at əti aşkarlanıb.

Son.az sputnik.az-a istinadən bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib. O bildirib ki, DBNX aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.

"13 oktyabr 2017-ci il tarixində alınmış məlumat əsasında, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bərdə Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətində qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, gizli şəkildə kəsilmiş 2 baş atın mədə-bağırsağı, 2 at başı, ətdən ayrılmış sümüklər, dərilər, at dırnaqları, 100 kq sümüklü at əti (atın bud ətləri) və heyvan kəsimi üçün antisanitar vəziyyətdə, primitiv şəkildə quraşdırılmış ləvazımatlar aşkar olunub" - deyə qurum sözçüsü əlavə edib.

Onun sözlərinə görə, araşdırma zamanı at kəsiminin ev sahibəsi ilə onun oğlu Novruzov Niyaməddin Nurəddin oğlu ilə birgə aparmaları müəyyən edilib. Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Bərdə rayonu, Bakı küçəsi, ev 28-in sahibi Novruzova Vəsilə Ərşad qızının həyətində aşkar edilən ümumi çəkisi 100 kq olan at ətinin müayinələri başa çatana kimi müvəqqəti soyuducu kameraya yerləşdirilib. Həyətdə aşkarlanan 2 baş atın mədəd-bağırsağı, 2 at başı, ətdən ayrılmış sümüklər, dərilər və at dırnaqları isə ərazidən zərərsizləşdirilmək məqsədi ilə götürülüb. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə, qanunsuz at kəsimi ilə məşğul olan ev sahibi Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Novruzov Niyaməddin Nurəddin oğlu barədə akt yazılaraq inzibati protokol tərtib edilib.