"Bizə "məscidə gedin, belə edin, elə edin" deyirdilər, amma özləri bunu etmirdilər."


Digərləri 14 Okt 2017 19:02:00 349 0

"Bizə "məscidə gedin, belə edin, elə edin" deyirdilər, amma özləri bunu etmirdilər."

"İŞİD insanlara Telafərdə çok zülm etdi. Pulu olanlar qaçdı, olmayanlar qaldı"

Kərkükün şərqində yerləşən Yəhyəva düşərgəsindəki Telafərdən olan türkmanlar başlarına gələnlərdən danışarkən bunları deyirlər.

Özünü İslam Dövləti adlandıran qruplaşma (mətndə - İŞİD) 2014-cü ildə Telafəri ələ keçirəndə bəzi türkmanlar şəhərdən qaçsa da, bəziləri heç yerə getməmişdilər.

Gedənlərin çoxu da İraqın başqa yerlərindəki düşərgələrdə yaşayırdılar.

Ya özləri, ya da yaxınları İŞİD-in hakimiyyəti altında yaşayanlar deyirlər ki, təşkilat 3 il müddətində düşərgədəki telafərlilərə böyük iztirablar verib.

İndi düşərgədə qalsalar da, İŞİD-dən canları qurtardığına sevinirlər.

Şahidlər bildirirlər ki, İŞİD yaraqlıları arasında müəyyən sayda Telafər türkmanları da vardı.

"Ailəsində əsgər olanları öldürürdülər"

Nehle və arvadı Rafi Kasapoğlu İŞİD gələndə ilk qaçanlardandır.

Rafi deyir ki, cihadçılara yalan deməklə qaça biliblər:

"Biz İyaziyədənik. Bura bir türkman bölgəsidir. İŞİD gələndən 15 gün sonra biz ordan çıxdıq. İŞİD-in adamlara verdiyi zülmü bildiyimizə görə oradan qaçdıq.

Mən ailəmin və uşaqlarımın başına bir iş gələcəyindən qorxurdum. Bizi tutub öldürəcəklərindən qorxurdum. Adamları tutub öldürürdülər. Mən də ailəmi götürüb qaçdım..."

"Niyə öldürürdülər axı" sualına belə cavab verir:

"Kimin ailəsində əsgər vardısa, onları öldürürdülər".

"Pulu olmayanlar qaça bilmədilər"

Nehle Kasapoğlu İŞİD-dən necə qaçdıqlarını belə nəql edir:

"Evdən səhər çıxdıq, qoymadılar. "Qayıdın" dedilər. Axşam saat 10-da çıxdıq. "Hara gedirsiniz" dedilər. Dedik ki, "anamıza baş çəkməyə gedirik". Dedik və qaçdıq. Bizə bir yoldaşımız kömək etdi".

O deyir kİ, bir çoxları qaça bilməyiblər:

"Çoxunun pulu olmadığına, xəstəsi olduğuna görə qaça bilmədilər və zülm gördülər".

İŞİD döyüşçüləri arasında ərəb, türkman, əcnəbi, hər kəs vardı...

Reykan Kasapoğlu qaçmaq istəsə də, qaça bilməyən telafərlilərdəndir.

Ailəsinin yaşadğı yerlər İŞİD-in işğalından sonra boşalıb. Buna görə də Reykangil bir ara Mosula gedib, sonra Telafərə qayıdıblar.

"Biz İyaziyədə Avgeni kəndindənik. İŞİD gələn kimi hamı qaçdı. Orda heç kim qalmadı. Yalnız İŞİD qaldı. Onlar müxtəlif millətlərdən idilər. Ərəb, türkman, əcnəbilər...Kim desən vardı..."

"Mənə işgəncə verənləri, xalamı öldürənləri tanıyıram"

"Avgeni boşalanda biz də ailəliklə Telafərə getdik. Orda gecələdikdən sonra Mosula yollandıq. 4 ay Mosulda qaldıq"

"İŞİD hər yerdə pis idi. Hər yerdə insanlara iztirab verirdilər. Amma biz iyaziyeli olduğumuza görə bizi Mosulda tanımırdılar. Elə həmişə evdə idik, bayıra çıxmırdıq.

İş-gücümüz də yoxdu. Ev kirayəsini ödəyə bilməyəndə Telafərə döndük. Orda bir bibim qızı vardı, onun evində qaldıq..."

Reykan daha sonra anasının və atasının gözləri qarşısında xalasının necə öldürüldüyündən, onun özünə necə bir işgəncə verildiyindən danışır:

"Bizi "telefonları var, hökumətə casusluq edirlər" deyib satdılar. İŞİD gəldi, adımı soruşdu. "Reykan" dedim. Sənədlərimizi yığdılar. Üzlərində maskalar vardı.

Sonra sənədlərimizi qaytardılar. Yalnız mənim və öldürülən bacımın sənədlərini saxladılar".

"Telefonunuz varmı" deyə xəbər aldılar, "yoxdur" dedim. Sonra bizdən dörd telefon tapdılar".

"Mənim başıma qara bir torba keçirdilər. Bacımı və məni başqa-başqa maşınlara oturtdular. İŞİD apardığı yerdə mənə çox işgəncələr verdi.

14 gündən sonra bizə "gedin cənazənizi götürün" dedilər, Getdim gördüm ki, bacımın başına iki güllə sıxıblar.

Bütün bədənində işgəncə yerləri vardı. Cənazəni evə gətirmədik, çünki anam görsəydi ağlını itirərdi. Bacımı elə orda dəfn etdik".

Reykan xəbərçiləri, işgəncə verənləri və bacısını öldürənləri tanıyır, çünki onların da telafərli olduqlarını deyir:

"Bizdən xəbərçilik edənləri tanıyıram. Bacımı öldürənləri, mənə işgəncə verənləri tanıyıram. Hamısını tanıyıram. Onlar Avqani, Telafər və İyaziyədən olanlardır.

Bizdən xəbərçilik edən avqaniliydi, bacımı edam edən və mənə işgəncə verənlər Telafər camaatı idi. Hamısını tanıyıram".