Rusiya ABŞ seçkisinə müdaxilədə Pokemondan da istifadə edib


Digərləri 14 Okt 2017 19:03:00 309 0

Rusiya ABŞ seçkisinə müdaxilədə Pokemondan da istifadə edib

"The Independent" yazır ki, Rusiya ABŞ seçkisinə müdaxilə üçün, deyəsən Pokemon Go oyunundan da istifadə edib.

Məqalədə deyilir ki, Rusiyaya bağlı hesab Pokemon Go-dan istifadə edərək diqqəti ABŞ-da polis qəddarlığının geniş yayıldığına dair iddialara cəlb etməyə çalışırmış.

CNN bu xəbəri Rusiyanın 2016-cı il ABŞ seçkisinə necə bir vüsətlə müdaxilə etməsinin bariz nümunəsi kimi təqdim edib.

Amerika kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinin ABŞ seçkisinə müdaxilə və haker hücumu kampaniyasına şəxsən göstəriş verdiyini açıqlayandan sonra Facebook bildirib ki, Rusiyaya bağlı vahidlər ABŞ cəmiyyəti arasına ixtilaf sala biləcək mövzuların yayılması üçün ondan minlərlə reklam platforması alıb.

Məqalədə deyilir ki, Rusiyaya bağlı qaynaqlar həssas mövzuları ortaya atmaqla ABŞ cəmiyyətinin demokratik seçki sisteminə etibarını sarsıtmaq istəyirdilər.

Rusiya qaynaqlarının yaydığı iddialar irq və silah hüquqları kimi həssas məsələlərə aid idi.

Ortaya atılan mövzulardan biri də qaradərili əhalinin ağdərili polis zabitlərindən zülm çəkdiyinə dair məsələni qaldıran Black Lives Matter hərəkatı idi.

CNN-nin verdiyi məlumatda deyilir ki, Facebook-da açılmış saxta hesablardan biri "Bizi güllələməyin" adlanırdı. Bu hesabdan guya baş vermiş polis zorakılıqlarına dair məlumatlar paylaşılırdı.

İndi isə iddia edilir ki, Rusiya mənbələri ABŞ seçkisinə müdaxilə üçün Pokemon Go rəqəmsal oyunundan da istifadə ediblər. Bu oyun zamanı iştirakçılardan real dünyada gəzib-dolaşan virtiual məxluqları tutmaq tələb edilir.

CNN-nin təhqiqatına görə "Bizi güllələməyin" hesabı Pokemon Go oyunçularını polis zorakılıqlarının baş verdiyi yerlərdə oynamağa və öz Pokemonlarını polis zorakılığı qurbanlarının adları ilə adlandırmağa çağırırdı.