UNESCO nədir və ABŞ niyə onu teztez tərk edir?


Digərləri 14 Okt 2017 19:04:00 341 0

UNESCO nədir və ABŞ niyə onu teztez tərk edir?

ABŞ, habelə İsrail UNESCO təşkilatını tərk etdiklərini bildiriblər.

Bu hələ rəsmən baş verməsə də, gəlin, bu təşkilatın, ümumiyyətlə nə olduğunu, onun tarixini, məqsədlərini, habelə səbəb olduğu münaqişəli vəziyyətləri yada salaq.

UNESCO nədir?

Əvvəla UNESCO ingiliscə uzun bir adın qısaldılmış formasıdır: United Nations Educational, Scientific and Cultural Organization - BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı.

Son.az BBC-yə istinadən bildirir ki, UNESCO-nun rəsmi işgüzar dilləri bunlardır: ingilis, ərəb, ispan, rus və fransız dilləri. Təşkilatın baş qərargahı Parisdə mənzillənir.

Hazırda bu təşkilata 195 ölkə daxildir. ABŞ öz statusunu dəyişərək müşahidəçi üzvə çevrildikdən və İsrail bu təşkilatı tərk etdikdən sonra həqiqi üzvlərin sayı 193 olacaq. Təşkilatın 10 müşahidəçi üzvü də var. Bunlar əsasən öz xarici siyasəti olmayan, məsələn Britaniyanın Virgin adaları və Makao kimi ərazilərdir.

UNESCO-nun müşahidəçi üzvləri arasında Vatikan və Malta ordeni də var.

İsrail hələlik UNESCO-da hansı qismdə təmsil olunacağını bildirməyib.

Təşkilat nə vaxt yaradılıb?

Hələ İkinci Dünya Müharibəsi illərində BMT-nin əsasını qoymuş ölkələr dinc dövrdə təhsil sisteminin bərpası barədə düşünürdü. Buna görə də müharibə qurtarandan sonra qərara gəlindi ki, təhsil və mədəniyyət məsələləri ilə məşğul olacaq qlobal təşkilat yaradılsın.

UNESCO-nun Nizamnaməsi 4 noyabr 1946-cı ildə 20 dövlət tərəfindən imzalanaraq qüvvəyə mindi.

SSRİ bu təşkilata yalnız 1954-cü ildə qoşulmuşdu. Buna qədər sovetlərin bu təşkilatın işinə qoşulmamasına səbəb bu olmuşdu ki, 1946-cı ildə UNESCO-nun təsis qurultayında təşkilatın yaradılmasının təxirə salınmasına dair Moskvanın təklifi rədd edilmişdi.

Amma Qərb tarixçiləri bu qənaətdədirlər ki, İosif Stalin ölkənin ziyalı elitası ilə geniş əlaqələrə yol açacaq belə bir təşkilatın yaradılmasını lap əvvəldən istəmirdi.

Onun ölümündən sonra SSRİ Ukrayna SSR və Belarusiya SSR-lə birlikdə UNESCO-ya daxil oldu. Ukrayna və Belarusiya yaradıldığı gündən BMT-nin üzvləri idilər.

UNESCO nə ilə məşğuldur?

Təşkilat əsasən 5 proqramın icrası ilə məşğuldur. Bunlar təhsil, təbiət elmləri, sosial və humanitar elmlər, mədəniyyət, kommunikasiya və informasiyadır.

Bundan başqa UNESCO bir sıra uzunmüddətli layihələri həyata keçirir.