Qardaş Türkiyə Azərbaycanın tələbini niyə yerinə yetirməlidir?


Digərləri 14 Okt 2017 19:01:15 273 0

Qardaş Türkiyə Azərbaycanın tələbini niyə yerinə yetirməlidir?

Bakı- Ankara münasibətlərinə nəzər yetirsək, bu münasibətlərin sadəcə, iki dövlətin deyil, eyni zamanda bütün regionun rifahına xidmət etdiyini görmək olar.Azərbaycan və Türkiyə bölgədə stabillik və sülhün qarantıdır.

Bakı. Bu gün bölgədəki bütün üçtərəfli əməkdaşlıq mexanizmlərinin əsas oyunçuları Azərbaycan və Türkiyədir. Bakı-Ankara münasibətləri iki dövlətin deyil, eyni zamanda bütün regionun rifahına xidmət edir. Azərbaycan və Türkiyə bölgədə stabillik və sülhün qarantıdır. Lakin bütün bunlara baxmayaraq, hər zaman iki qardaş dövlətin münasibətlərinə xələl yetirmək istəyən qüvvələr olub və təəssüflər olsun ki, həmin qüvvələr bu gün fəaliyyətlərini davam etdirirlər. Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu kimi Türkiyə vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfərləri, eyni zamanda, HDP-li millət vəkili, erməni əsilli Türkiyə vətəndaşı Karo Paylanın Yerevan səfərini Azərbaycan-Türkiyə münasibətlərinə vurulan zərbə kimi qiymətləndirilməlidir. Təəssüf olsun ki, indiyə kimi bu məsələ ilə bağlı Türkiyənin sadəcə iki dövlət qurumu - Xarici İşlər və Ədliyyə nazirlikləri açıqlama verib. Amma "Uman yerdən küsərlər desək", - bu açıqlamalar Azərbaycan ictimaiyyətini razı sala bilməz. Türkiyə XİN açıqlamasında ölkə vətəndaşlarının Dağlıq Qarabağa qeyri-qanun səfərinin rəsmi Ankaranın mövqeyini əks etdirmədiyini, Ədliyyə Nazirliyi isə məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Təbii ki, bu açıqlamalar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı olaraq həssas davranan Azərbaycan ictimaiyyətini qane edə bilməz. Bəlli olmayan və qaranlıq qalan məqam isə odur ki, bu günə kimi U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E. Katırçıoğlunu Türkiyə tərəfi Azərbaycana təhvil verməyib. Qardaş Türkiyə Azərbaycan tərəfinin narahatlığını və tələbini nəzərə almalıdır, ən azından ona görə ki, bu məsələyə biganə yanaşmaq, "Böyük Ermənistan" sevdası ilə alışıb-yananları ruhlandırır. Digər bir tərəfdən, Azərbaycanın tələblərinə biganə yanaşmaq, "ASALA" terror təşkilatı tərəfindən qətlə yetirilən türk diplomatlarının, 1915-1918-ci illərdə məscidlərə yığılaraq yandırılan, Çanaqqala savaşında canlarında keçən, Xocalıda vəhşicəsinə öldürülən müsəlman türklərinin ruhuna hörmətsizlikdir. İnanmaq istərdik ki, "Bir Millət, iki Dövlət" prinsipi üzərində qurulan əlaqələrin daha da möhkəmlənməsi üçün qardaş Türkiyə tərəfi Azərbaycanın haqlı mövqeyini nəzərə alacaq. Qardaş ölkədə "Böyük Ermənistan" üçün can yandıran qüvvələrin fəaliyyətinə göz yumulsa, bu qüvvələr gələcəkdə əldə olan bütün fürsətlərdən istifadə edərək, Türkiyə-Azərbaycan münasibətlərinin korlanması üçün əllərindən gələni edəcəklər. Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri