"Azərişıq" rəsmisi: "Azərbaycanın şimal-qərb regionunda elektrik enerjisinin yığımları dəfələrlə artıb"


İqtisadiyyat 14 Okt 2017 17:13:00 385 0

"Azərişıq" rəsmisi: "Azərbaycanın şimal-qərb regionunda elektrik enerjisinin yığımları dəfələrlə artıb"

"Bu irəliləyişə "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması nəticəsində nail olunub"

"Azərbaycanın şimal-qərb regionunda "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması nəticəsində elektrik enerjisi haqlarının yığımında nəzərəçarpan irəliləyişə nail olunub". 

Bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (REYSİ) rəisinin satış üzrə müavini Nəsrəddin Məmmədov deyib.

Onun sözlərinə görə, şəbəkələrdə aparılan yenidənqurma işləri və yarımelektron elektrik sayğaclarının daha müasir elektrik sayğacları ilə əvəzlənməsi nəticəsində regionda elektrik enerjisinin verilişində itkilər getdikcə azalır: "Ötən il Qəbələdə yeni "ASAN xidmət" Mərkəzi fəaliyyətə başlayıb. Bu isə yığımlarda artıma şərait yaradır. Növbəti il Şəkidə belə bir mərkəzin yaradılması planlaşdırılır. Ötən ilin yanvar-sentyabr aylarına nisbətən elektrik enerjisinin yığımları dəfələrlə artıb".

N.Məmmədov bildirib ki, regiondakı abonentlərin 89%-i əhali qrupu abonentlərdir: "Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə (REYSİ) aid 8 rayon elektrik şəbəkəsi var. Bunlar Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən elektrik şəbəkələridir. Ümumi abonentlərimizin sayı 200 800-ü ötüb. Onların da 178 900-ü (89,1%) əhali qrupuna, 21 900-u (10,9%) isə qeyri-əhali qrupuna daxildir".