Sağlam Gələcək Mərkəzi “Uğurlu ünsiyyətin sirləri” mövzusunda seminar keçirib


Sosial 14 Okt 2017 16:00:56 374 0

Sağlam Gələcək Mərkəzi “Uğurlu ünsiyyətin sirləri” mövzusunda seminar keçirib

Direktor: Layihə digər universitetlərdə də davam edəcək

Sağlam Gələcək Mərkəzi “Uğurlu ünsiyyətin sirləri” mövzusunda seminar keçirib.

"Report" xəbər verir ki, seminar Odlar Yurdu Universitetində baş tutub. Tədbirdə universitetin tələbələri, müəllimləri iştirak ediblər.

Seminarda ünsiyyətin gündəlik həyatda, təhsil və iş həyatında rolu, özünü ifadə edə bilməmənin həyatda fərdlərə yaratdığı problemlər, ünsiyyətin formalaşmasının yolları barədə müzakirələr aparılıb.

Mərkəzin 4 müəllim-psixoloqu seminarda çıxış edib.

Bakı Slavyan Universitetin dosenti, Mərkəzin praktik psixoloqu Gülnarə Həsənova qeyd edib ki, bu ilin may ayında yaradılan mərkəzin əsas məqsədi ailə institutunun yaradılması üzrə işdir: "Mərkəz fərdi məsləhətlər, diaqnostik iş, qruplarda iş, təlimlərin, işgüzar oyunların təşkilini həyata keçirir".

Sağlam Gələcək Mərkəzinin təsisçisi, direktoru Orxan Şabanov bildirib ki, müasir dövrün gənclərinin yaxşı ünsiyyət qabiliyyətinə sahib olmağa, özünüifadəni yaxşı bacarmağa böyük ehtiyacları var: "İşə qəbul prosesində ünsiyyət qabiliyyəti, özünü ifadə edə bilmək elmi bilik qədər vacib sayılır. Bu səbəbdən də mükəmməl təhsilə yanaşı, ünsiyyət qurmaq qabiliyyətini də formalaşdırmaq lazımdır".

Direktor bildirib ki, tədbirin təşkilatçısı Sağlam Gələcək Mərkəzi ilə Odlar Yurdu Universitetidir: "Bu layihə yeni başlayıb. Mərkəz bu layihəni davam etdirmək və Azərbaycanın digər universitetlərində həyata keçirməyi planlaşdırır". 

Seminarda eyni zamanda, Sağlam Gələcək Mərkəzinin gələcək layihələri, nəzərdə tutduğu tədbirləri barədə iştirakçılara məlumat verilib.

Tədbirdə mərkəzin psixoloqları tələbələrin onlara verdiyi çoxsaylı sualları cavablandırıblar.