Ağstafada əl qumbaraları tapılıb (FOTO)


Digərləri 14 Okt 2017 16:04:00 279 0

Ağstafada əl qumbaraları tapılıb (FOTO)

Ağstafada əl qumbaraları tapılıb.

Bakı. Ağstafada əl qumbaraları tapılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Ağstafa rayonu, Göycəli kəndi ərazisində əl qumbarasının olması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə çay sahilinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 2 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş əl qumbaralarının ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. Ümumilikdə, Agentlik tərəfindən 1 yanvar-14 oktyabr tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 14 otlaq sahəsinə, 13 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 169 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, Daş bazarının yaxınlığına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar çayının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. 7 085 ədəd partlamamış hərbi sursat, 200 ədəd tank əleyhinə mina və 32 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 724 497 kv.m ərazi (746 713 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.