"Rusiya belə davam eləsə, Azərbaycan ondan üz döndərə bilər"


Siyasət 14 Okt 2017 13:53:40 346 0

"Rusiya belə davam eləsə, Azərbaycan ondan üz döndərə bilər"

"Rusiyanın Ermənistanı kredit adı altında silahlandırması, əslində, Azərbaycanla olan dostluq və strateji tərəfdaşlıq prinsiplərinə tam ziddir. Rusiyanın bəzi dairələrində son zamanlar bir sıra məsələlərdə də Azərbaycana qarşı nümayiş etdirdiyi mövqe heç də tam anlaşılan deyil. Unutmayaq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Lakin Ermənistanı silahlandırmaqla o, öz öhdəliklərini kobud şəkildə pozur. Çünki münaqişə tərəflərinin birinə hərtərəfli qaydada yardım göstərmək bitərəfliyə əməl edilməməsi deməkdir. Ona görə də hazırda özünü Rusiyaya dost hesab edən Azərbaycan dövləti, eləcə də ictimaiyyəti Rusiyadan daha ağıllı addımlar atılmasını, işğalçıya yardımların dayandırmasını və vasitəçi olaraq öhdəliklərini yerinə yetirməsini gözləyir. Əks halda, belə davam eləsə, hazırda balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan Rusiyadan üz döndərə də bilər".

Bu barədə Son.az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Rusiyanın Ermənistana müasir silahlar almaq üçün daha 100 milyon dollarlıq güzəştli kredit ayırmasını şərh edərkən bildirib.

Azərbaycanın dostu və düşmənləri bilsinlər... Onun fikrincə, Rusiyanın Ermənistanı guya kredit adı ilə durmadan silahlandırması regionun təhlükəsizliyini sual altına qoyur və bölgədə gərginliyin daha da artmasına xidmət edir: "Rusiyanın növbəti Ermənistana silah və hərbi texnika alınması üçün kredit ayırması əslində, Erməistanın uzunmüddətli silahlanması siyasətinin davamıdır. Rusiya durmadan yenə də Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Bu göstərir ki, Rusiya heç də  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bitərəf deyil. Moskva daha çox Ermənistanın maraqlarını müdafiə etməsi və onu silahlandırması işğalçılığın dəstəklənməsi, eləcə də beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulması deməkdir".

Rusiyadan Ermənistana növbəti silah "hədiyyə"si - Bu, silahlar elə-belə verilmir... Ekspert qeyd edib ki, təhlillərə əsasən, hazırda Ermənistan əhalisinin sayına görə, Avropada, bəlkədə dünyada ən çox hərbiləşdirilmiş ölkədir: "Ermənistanda iqtisadiyyat çökür, əhalinin sosial vəziyyəti bərbad gündədir, lakin buna baxmayaraq, orduya əlavə müasir silahlar alınır. Napoleon deyirdi ki, müharibə etmək üçün 3 şey lazımdır - pul, pul, yenə də pul. Azərbaycan ərazilərinin bir hissəsini işğal etmiş və faktiki olaraq Azərbaycanla müharibə şəraitində olan Ermənistanın isə belə maliyyə imkanları yoxdur. Ona görə də bunun üçün ilk növbədə Rusiyadakı erməni diasporunun, oliqarxlarının maliyyəsindən istifadə olunur. Bunun siyasi tərəfi odur ki, Ermənistan tam olaraq Rusiyanın tələblərinə uyğun hərəkət edir. Ermənistan iqtisadiyyatı, demək olar ki, Rusiyanın inhisarındadır. Bundan əlavə, Rusiya buradakı bütün hərbi strukturlara nüfuz edib, 49 illik müqaviləyə əsasən, Rusiyanın Ermənistandakı hərbi bazası da ermənilərin hesabına saxlanılır. Əvəzində isə silah alır".

E.Ələsgərov hesab edir ki, Ermənstana silahlandırılması heç də bəzilərinin dediyi kimi, Türkiyəyə qarşı deyil, məhz Azərbaycana qarşı yönəlib: "Çünki Ermənistan Türkiyə ilə hərbi baxımdan qarşıdurmaya girə, onunla rəqabətə apara bilməz. Lakin bu silahlandırma Ermənistanı Azərbaycan torpaqlarını işğal altında saxlamağa şirnikləndirir. Ermənistanın bu cür silahlanmasına, Rusiyanın hərbi-siyasi dəstəyinə, eləcə də digər dövlətlərlə hərbi əlaqələrinə baxmayaraq, Azərbaycanın qarşısında tab gətirə bilməyəcək. Davamlı müharibə aparmaq üçün güclü iqtisadiyyata malik olmaq lazımdır. Azərbaycan isə bu məsələdə Ermənistanı xeyli üstələyir".

Qeyd edək ki, Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq kredit paketini artıq təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın "Smerç" reaktiv sistemləri, "İqla - S" zenit raket kompleksləri, "Avtobaza - M" radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A "Solnsepyok" ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənilir.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində