Hikmət Hacıyev: İşğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxardıqdan sonra Ermənistan BTQ kimi uğurlu regional əməkdaşlıq və nəqliyyat imkanından faydalana bilər


Digərləri 13 Okt 2017 19:20:00 299 0

Hikmət Hacıyev: İşğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxardıqdan sonra Ermənistan BTQ kimi uğurlu regional əməkdaşlıq və nəqliyyat imkanından faydalana bilər

Ermənistanın Azərbaycana qarşı təcavüzü və Türkiyəyə qarşı irəli sürdüyü iddiaları nəticəsində özünü tam şəkildə təcrid vəziyyətinə salıb.

Bakı. Bəzən Ermənistan tərəfinin nə istədiyini başa düşmək çox çətindir. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Türkiyəyə qarşı irəli sürdüyü iddiaları nəticəsində Mehri-Culfa və Gümrü-Qars dəmir xətləri qeyri-işlək vəziyyətə düşüb və dənizə çıxışı olmayan Ermənistan özünü tam şəkildə təcrid vəziyyətinə salıb. Bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son dövrlərdə Ermənistanın Bakı-Tbilisi-Qars dəmir-yolu layihəsindən istifadə etməsi məsələsinin Ermənistan ictimaiyyətində müzakirə olunmasına münasibət bildirərkən deyib. H.Hacıyev bildirib ki, tikintisi başa çatan Bakı-Tbilisi-Qars dəmir-yol xətti regional əməkdaşlıq, tranzit imkanlarının və ticarət dövriyyəsinin artırılması və nəticə etibarilə, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyatı üçün əlavə imkanların yaradılması baxımdan böyük perspektivlər vəd edir: "Azərbaycan daim regionda sabitləşdirici rol oynayır, Bakı-Tbilisi-Ceyhan, TANAP/TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub və Cənub-Qərb kimi layihələrlə regional əməkdaşlığı və çiçəklənməni təşviq edir. Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycana qarşı işğalına son qoyduqdan və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxardıqdan sonra Ermənistan regional inteqrasiya imkanlarından, o cümlədən Bakı-Tbilisi-Qars layihəsi kimi uğurlu regional əməkdaşlıq və nəqliyyat imkanından faydalana bilər".