Bakıda “İslam həmrəyliyi: Azərbaycan örnəyi” mövzusunda konfrans keçirilib


Sosial 13 Okt 2017 16:30:05 366 0

Bakıda “İslam həmrəyliyi: Azərbaycan örnəyi” mövzusunda konfrans keçirilib

"Bu gün ölkədə müxtəlif dinlərin mənsubları heç bir ayrı-seçkiliklə qarşılaşmır və öz ayinlərini sərbəst şəkildə həyata keçirirlər"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakıda “İslam həmrəyliyi: Azərbaycan örnəyi” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda DQİDK-nın, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) rəhbər və məsul şəxsləri, dini icma və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, gənclər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, “İslam Həmrəyliyi İli” ilə bağlı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən müvafiq tədbirlər planı təsdiqlənib və həmin tədbirlər planına uyğun olaraq DQİDK silsilə konfrans, seminar və müşavirələr keçirir.

G.İsmayılov deyib ki, min illərdir Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri birgə sülh şəraitində və mehriban şəkildə yaşayırlar: "Onların mehriban, qardaşcasına yaşamasında İslam dininin böyük rolu olub".

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova İslam həmrəyliyinin Azərbaycan nümunəsi ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, Azərbaycan uzun illər İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında və müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb.

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Azərbaycandakı tolerant mühitdən söz açıb, İslam həmrəyliyinin Azərbaycan örnəyinin və modelinin dünyada təbliğ olunmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan həmrəylik ölkəsidir, bu istiqamətdə ölkədə Prezident İlham Əliyev tərəfindən ardıcıl dövlət siyasəti aparılır, burada dini, multikultural dəyərlərə də xüsusi önəm verilir: "Bu gün ölkədə müxtəlif dinlərin mənsubları heç bir ayrı-seçkiliklə qarşılaşmır və öz ayinlərini sərbəst şəkildə həyata keçirirlər".

Qafqaz Müsəlmanları İdarəsinin Fətva və moizələr şöbəsinin müdiri Aqil Şirinov İslamın insanları qardaşlığa, həmrəyliyə dəvət etdiyini vurğulayıb. Şöbə müdiri çıxışında dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda ölkəmizdə adət halını almış vəhdət namazlarına diqqət çəkib.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bildirib ki, təmsil etdiyi qurum DQİDK ilə birgə “İslam Həmrəyliyi İli” çərçivəsində müxtəlif layihə və tədbirlər həyata keçirir, regionlarda mühazirələr təşkil edir. Eyni zamanda məscidlərə dini, bədii ədəbiyyatlar hədiyyə edilir.

BBMM-in layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyev İslam həmrəyliyinin Azərbaycan nümunəsinin dünyada təbliğ olunması istiqamətində görülən işlərdən söz açıb. Bildirib ki, bu ənənənin və modelin xaricdə təbliğinə böyük ehtiyac var.