Baş Prokurorluğun nümayəndə heyəti Ukraynada səfərdə olub


Siyasət 13 Okt 2017 13:33:22 311 0

Baş Prokurorluğun nümayəndə heyəti Ukraynada səfərdə olub

Korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Ukrayna prokurorluqları arasında cinayət işləri üzrə hüquqi yardım sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Kiyev şəhərində səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Ukrayna Baş prokurorunun müavini Yevgeniy Yeninlə görüşüb. Y.Yenin ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, o cümlədən hüquq mühafizə orqanları ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Beynəlxalq əlaqələr idarəsinin rəisi E.Əlixanov Azərbaycanın Baş prokuroru Zakir Qaralovun salamlarını çatdıraraq Ukraynanın Baş prokuroru Yuriy Lutsenkonun cari ilin fevralında ölkəmizə səfərinin qarşılıqlı işgüzar münasibətlərin inkişafına yeni təkan verdiyini xüsusi vurğulayıb.

Görüş zamanı cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və digər sahələrdə mövcud vəziyyət, konkret işlər və gələcək əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.

Səfər çərçivəsində Ukrayna Baş Prokurorluğunun Xüsusi Antikorrupsiya Prokurorluğunda görüşlər keçirilməklə korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.