Azərbaycanda süni mayalanma yolu ilə alınmış buzovların sayı 45 mini keçib


İqtisadiyyat 13 Okt 2017 13:03:37 419 0

Azərbaycanda süni mayalanma yolu ilə alınmış buzovların sayı 45 mini keçib

Heyvanların sahibi olan 38 mindən artıq fermerin hər birinə 100 manat subsidiya verilib

Kənd Təsərrüfatı Nazirliyinin Göygöl rayonunun Firuzabad qəsəbəsində fəaliyyət göstərən Respublika Süni Mayalanma Mərkəzinin (RSMM) iştirakı ilə indiyə qədər Azərbaycanda süni mayalanma yolu ilə 45 020 baş (o cümlədən 8 193 baş) buzov əldə olunub.

“Report” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, həmin heyvanların sahiblləri olan 38 423 fermerə, hər heyvana görə 100 manat subsidiya verilib. Ödəniş ölkə prezidentinin 19 avqust 2015-ci il tarixli sərəncamını icra etmək üçün hazırlanmış “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydası”na uyğun həyata keçirilib.

Təkcə bu ilin ilki 9 ayında ailə-kəndli və fermer təsərrüfatlarında saxlanılan 87 849 baş az məhsuldar və damazlıq keyfiyyəti aşağı olan qaramalda süni mayalanma aparılıb ki, bu da ötən ilin müvafiq dövründən (70 182 baş) 25,2% çoxdur.

Qeyd edək ki, RSMM Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması tədbirləri çərçivəsində 2014-cü ildə yaradılıb. Məqsəd ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirməkdir.

Mərkəzin istehsalat kompleksi 3 hektar ərazini əhatə edir və burada saxlanılan törədici heyvanların yem ilə təmin edilməsi üçün 60 hektar əkinə yararlı torpaq sahəsi ona təhkim edilib. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib.

RSMM ilə paralel olaraq ölkədə 12 zonada baytarlıq laboratoriyası müvafiq avadanlıq və texnika ilə təchiz edilərək onların Regional Süni Mayalama Mərkəzi kimi fəaliyyət göstərməsi təmin edilib. Bu isə mütəxəssislərin genetik materiala tələbatının ödənilməsinin asanlaşdırılması ilə yanaşı xüsusi keyfiyyət nəzarətinin həyata keçirilməsinə şərait yaradır. Burada mərkəzləşdirilmiş kompüter və videobaxış sistemləri quraşdırılıb. Bu sistem istənilən zaman Bakıdan, eləcə də digər bölgələrdən RSMM-də aparılan işləri müşahidə etməyə imkan yaradır.

Mərkəzin yeni kompleksinin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Hollandiyanın təcrübəsindən istifadə edilib, bu ölkələrdən dəvət edilmiş mütəxəssislər layihənin hazırlanmasında və inşaatın gedişində iştirak ediblər. İnşaat işləri və Mərkəzin funksional planı Ümumdünya Ərzaq Təşkilatının (FAO) ekspertləri ilə müzakirə edilib və onların tövsiyələri nəzərə alınıb.

Respublikada qaramal cinslərinə tələbat nəzərə alınaraq Avstriya və Almaniyadan 10 baş simmental, 8 baş holştein-friz, 5 baş şvis, 3 baş şarole, 2 baş aberdin- anqus olmaqla cəmi 28 baş törədici buğa, İrandan isə 2 baş cinsi yaxşılaşdırılmış mürrah mənşəli törədici kəl Mərkəzdə istifadə olunmaq üçün gətirilib. Xüsusi hazırlanmış məlumat bazası vasitəsilə genetik materialın Mərkəzdən təsərrüfatlara qədər izlənməsi və fərdi uçotun aparılmasına başlanılıb.