Putin MDBni SSRİyə çevirmək istəyir?


Siyasət 13 Okt 2017 12:18:00 361 0

Putin MDBni SSRİyə çevirmək istəyir?

"Moskvanın səylərinə baxmayaraq, MDB-ni işlək təşkilata çevirmək mümkün deyil"

"Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının və xarici işlər nazirlərinin görüşü keçirildi. Prezidentlərdən əvvəl Soçidə MDB xarici işlər nazirləri görüşdülər. Rusiya pezidenti Vladimir Putinin görüşdə əsas fikri bundan ibarət oldu ki, MDB-ni gücləndirmək lazımdır. Təsadüfi deyil ki, Soçidə prezidentlər MDB-nin strukturlarının effektivliyinin artırılması barədə müzakirə apardılar. Bundan başqa, toplantıda üzv dövlətlər arasında ticarətin artırılması və investisiya əlaqələrinin dərinləşməsi də müzakirə edildi".

Son.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu MDB dövlət başçılarının Soçidə keçirilmiş son sammitinin nəticələrini təhlil edərkən bildirib.

Onun fikrincə, son illər MDB-yə o qədər də maraq göstərməyən iki dövlətin bu təşkilatda fəallığı hiss olunur: "Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibədən sonra MDB-dən çıxdı. Ukraynanın iştirakı simvolik mahiyyət daşıyır. Çünki Rusiya 2004-cü ildə Krımı işğal etdikdən sonra Ukrayna prezidenti və xarici işlər naziri MDB-nin toplantılaırnda iştirak etmirlər. Buna baxmayaraq, MDB-də fəaliyyətini gücləndirən ölkələr də var. Bu, Özbəkistan və Türkmənistandır. Bu iki dövlət keçmiş illərdə MDB-nin toplantılarına maraq göstərmirdilər. Lakin hakimiyyətə yeni prezidentlər gəldikdən sonra Daşkəndin və Aqabadın MDB-yə marağı artdı. Halbuki, keçmiş illərdə həm Özbəkistan, həm də Türkmənistan xarici siyasətdə "bloklara qoşulmamaq" siyasətindən çıxış edir və bir çox hallarda MDB toplantılarına qatılmırdılar".

Ekspert qeyd edib ki, MDB ilə bağlı digər maraqlı məqam ondan ibarətdir ki, illərdir MDB-nin İcraiyyə Komitəsinin sədri vəzifəsini Rusiya təmsilçiləri daşıyırlar: "Hazırda İcraiyyə Komitəsinin sədri Sergey Lebedevdir. O, 2007-ci ildən bu vəzifədədir. Bundan əvvəl də sədrlər Rusiyanı təmsil edirdilər - Boris Berezovski, Yuri Yarov, Vladimir Ruşaylo. Görünür, Moskva MDB üzərindən nəzarəti əlində saxlamaq üçün başqa ölkənin təmsilçisinin İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmasını istəmir. Halbuki, Moskvanın müttəfiqi Astana belə sədrlikdə rotasiya prinspinin həyata keçirilməsinə tərəfdardır".

Lakin politoloq hesab edir ki, Moskvanın səylərinə baxmayaraq, MDB-ni işlək təşkilata çevirmək mümkün deyil: "Çünki üzv dövlətlərinin fərqli maraqları var. Bu təşkilatı hətta Rusiyanın iki yaxın müttəfiqi - Qazaxıstan və Belarus da tənqid edir. Məsələn, Soçi görüşündə Qazaxıstan nümayəndə heyəti təşkilatın ciddi islahatlara ehtiyacı olduğunu bildirdi, bir-birini təkrarlayan strukturların çox olduğu vurğuladı. Belarus prezidenti Aleksandr Lukaşenko isə MDB Parlamentlərarası Assambleyanın işinin faydasız və lazımsız olduğunu bildirdi. O, fikrini belə əsaslandırdı ki, bu strukturun işi nəticə vermir, ona görə də Assambleyaya pul ayrılmasının doğru olmadığını dedi. Onun bu fikrini Qazaxıstan prezidenti Nursultan Nazarbayev də dəstəklədi. Beləliklə, MDB-nin Soçi toplantısı da nəticə vermədi. Azərbaycanla Ermənistanın MDB-də əməkdaşlıq edəcəyini gözləmək olmaz. Rusiyanın bölgədə həyata keçirdiyi xarici və təhlükəsizlik siyasəti MDB ölkələrinin də gizli narahatlığına səbəb olur".

E.Şahinoğlu Gürcüstan prezidentinin Rusiyaya qarşı birləşmək haqqında fikirlərinə də münasibət bildirib: "Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib ki, Rusiyaya qarşı ümumi strategiya hazırlanmalıdır. Gürcüstan prezidenti bu təşəbbüsünü belə əsaslandırıb ki, Rusiyanın siyasəti qonşu dövlətlərə təhlükə yaradır. Ona görə də bu təhlükədən qorunmağın yolu beynəlxalq aləmin Rusiyaya qarşı ortaq siyasəti formalaşdırmasıdır.

Rusiyaya qonşu olan ölkələr Gürcüstan prezidentinin təşəbbüsünə qoşulmayacaqlar. Bəzi ölkələr Rusiyanın siyasətindən ehtiyatlansa da, onunla münasibətləri korlamaq istəmir. Ancaq Giorgi Marqvelaşvilinin sözlərində həqiqət var. Rusiya keçmiş SSRİ-yə bənzəyir. Moskva onun siyasətini qəbul etməyən qonşularına qarşı təzyiq siyasəti həyata keçirir, separatçılara dəstək verir və lokal müharibələrdə iştirak edir. Yaxın illərdə Rusiyanın bu siyasəti dəyişməyəcək. MDB Rusiya üçün vacib formatlardan biridir. Elə digər dövlətlər də MDB formatından öz məqsədləri üçün istifadə edir, bir sıra mövzuları müzakirə etmək məqsədilə təşkilatın imkanlarından yararlanırlar".

Qeyd edək ki, oktyabrın 11-də Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi iclasda MDB-nin fəaliyyəti ilə bağlı ümumilikdə, 18 sənəd imzalanıb.

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində