Defis üçün 5 manat istəyirlər Polisin qərarı qalmaqal yaratdı


Digərləri 13 Okt 2017 11:47:00 333 0

Defis üçün 5 manat istəyirlər  Polisin qərarı qalmaqal yaratdı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə müraciət edib. 

Son.az qafqazinfo-ya stinadən xəbər verir ki, ötən gün edilən xəbərdarlıqda bildirilir ki, bəzi sürücülər daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını silirlər. Bu hərəkət qayda pozuntusu hesab edilir və həmin halın aradan qaldırılması üçün sürücülərə 1 ay müddətində vaxt verilib. Əks halda sürücülərin inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunub.

Sözügedən xəbərdarlıq sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Bir çox avtomobil sahibi defis işarəsinin elə DYP-dən nömrə alınan zaman 5 manat ödəməklə polis tərəfindən silindiyini bildiriblər. Bu, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevirilib. Əksəriyyət isə belə yazıb: "Xırdalanda məndən 5 manat aldılar ki, xətsiz etsinlər. Çox vaxt o xətti nömrə verən zaman silirlər. Silməməyin qiyməti 5-10 manatdır". 

Bəzi sürücülər isə nömrə nişanlarındakı sözügedən defis işarəsinin silinməsindən hətta xəbərsiz olduqlarını bildiriblər.

Demək olar ki, polisin bu xəbərdarlığına reaksiya verənlərin hamısı bu problemin elə polis tərəfindən yaradıldığını bildiriblər. Qeyd edirlər ki, nömrə alınan zaman rəqəmlərin üzərində olan yapışdırıcı silindiyi kimi defislərin üzərində olan ağ yapışdırıcı da silinməlidir. Lakin nömrəni sürücüyə təqdim edən polis əməkdaşlarının özləri 5 manat müqabilində defisin üzərindəki rəngi silməməyi təklif edirlər.