ABŞ-da neft ehtiyatları və hasilat azalıb


İqtisadiyyat 13 Okt 2017 10:25:03 318 0

ABŞ-da neft ehtiyatları və hasilat azalıb

Neftin qiyməti sabit qalıb

ABŞ-ın neft ehtiyatları 30 sentyabr-6 oktyabr həftəsi ərzində 2,7 mln. barel və yaxud 0,6% azalaraq 462,2 mln. barelə düşüb.

"Report" "Forexpf.ru" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) məlumat yayıb.

Xatırladaq ki, "Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak etmiş analitiklər neft ehtiyatlarının 1,991 mln. barel azalacağını ehtimal edirdilər. Qeyd edək ki, əvvəlki hesabat həftəsində neft ehtiyatları 6 mln. barel azalma göstərib. Beləliklə, neft ehtiyatları ardıcıl son iki həftədə 8 mln. barel azalıb.

Hesabat dövründə ölkənin benzin ehtiyatları isə 2,49 mln. barel və ya 1,13% azalaraq 216,5 mln. barelə enib. Analitiklər benzin ehtiyatlarının dəyişməyəcəyini proqnozlaşdırırdılar.

ABŞ-da gündəlik neft hasilatı 81 min barel və ya 0,85% azalaraq 9,48 mln. barelə geriləyib. Qeyd edək ki, ABŞ-da neft hasilatının maksimal həddi 2015-ci il iyun ayının ilk həftəsində (9,61 mln. barel/gün) qeydə alınıb. Hazırda ABŞ-da gündəlik neft hasilatı rekord həddən sadəcə 130 min barel və ya 1,35% aşağıdır.

Neftin qiyməti açıqlanan göstəricilərdən sonra önəmli dəyişiklik göstərməyib və 56 dollar/bareldən bir qədər aşağı həddə qalıb.